Topaz Premyer Liqasının 3-cü turunun açılış oyununda “Qəbələ” səfərdə “Bakı”nın qonağı oldu. İlk hissəsi qolsuz başa çatan qarşılaşmanın taleyini Viktor Mendi və Ruslan Abışovun oyunun son dəqiqələrində vurduğu qollar həll etdi – 2:0.
Newsport.az saytının məlumatına görə, oyundan sonra təşkil olunan mətbuat konfransında qonaqların baş məşqçisi Dorinel Munteanu qarşıdakı oyunlarda daha yaxşı oyun oynmağa çalışacaqlarını bildirib:
“İlk növbədə komandamı təbrik etmək istəyirəm. Hava çox isti idi. Futbolçularımız bu istiyə dözərək, sona qədər mübarizə apardılar. “Bakı” ilk hissədə bizə heç bir qol imkanı vermədi. Amma ikinci hissədə öz oyunumuzu tətbiq etdik və qələbə qazandıq. Qarşıdakı oyunlarda daha yaxşı futbol oynamağa çalışacağıq. Dodo artıq 3 gündür ki, əsas komandadadır, bizimlə davam edəcək. Hesab edirəm ki, Dodo əvəzedici heyətdə keçirdiyi vaxtda səhvlərini dərk edib”.