Ötən gün "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin Avstriya "Zalsburq"u ilə ilk oyununda ağır itkilər aldı.Newsport.az xəbər verir ki, ukraynalı hakimin Reynaldoya 88-ci dəqiqədə verdiyi qırmızı vərəqə isə heç anlaşılan olmadı. Klub rəsmiləri də buna görə oyunun videoyazısında bu məqama təkrar-təkrar baxacaqlarını söylədilər. Artıq bunun üçün bütün işlər görülüb. Ağdam klubu “qırmızı”nın ləğvi üçün UEFA-ya müraciət edib. Bu barədə isə klubun idman direktoru Əmrah Çəlikəl məlumat verdi:"Türkiyədəki vəkilimizlə əlaqə saxlayaraq, ona lazımi bilgiləri vermişik.Vəkilimiz hazırda lazımi sənədləri toplayır. UEFA-ya həm videolent formasında, həm də yazılı müraciətimiz olacaq. Matç başa çatdıqdan 24 saat ərzində şikayətimizi ünvanlamalıyıq. Yaxın bir saat ərzində hər bir proseduru yerinə yetirəcəyik. Fikrimcə, Reynaldoya uzaqbaşı sarı vərəqə göstərilə bilərdi. Daha düzgün rəyi mütəxəssislər verəcəklər. Amma həmin epizodda rəqib futbolçu açıq-aşkar simulyasiya etdi. Hər halda, UEFA da istər ki, obyektivlik olsun və nahaq yerə futbolçular cəzalanmasın. Hətta rəqibin qırmızı vərəqə alan oyunçusuna belə haqsızlıq edilibsə, onun ləğvinin tərəfdarıyam. Bir sözlə, bizim üçün əsas məsələ hakimin cəzalanmasından çox Reynaldoya haqsız yerə verilən qırmızı vərəqənin ləğvidir".