"Qarabağ"ın sabiq kapitanı Aslan Kərimov UEFA Avropa Liqasının play-off mərhələsinin "Qarabağ" - "Tvente" oyununu dəyərləndrib.
Newsport.az saytının məlumatına görə, milli komandanın məşqçisi "Qarabağ"ı çətin oyun gözlədiyini bildirib:
“Sözsüz, 2009-cu ildəki “Tvente” çox güclü idi. Komandanın tərkibində çox yaxşı oyunçular vardı. Həmin vaxt “Tvente” geniş heyətə və böyük iddiaya malik idi. Bizim komandamız isə indiki ilə müqayisədə nisbətən zəif və təcrübəsiz görünürdü. “Qarabağ”ın indiki kollektivi güclüdür. Amma bu məqam “Qarabağ”ın asan mərhələ keçəcəyi anlamına gəlmir. “Tvente”nin orta yaş həddi 21 olsa da, Hollandiya futbolunun təmsilçisi olması artıq bütün suallara cavabdır. “Qarabağ”ı çox çətin oyunun gözlədiyi dəqiqdir. Bütün bunların fonunda əminəm ki, oturuşmuş heyətə və hücumda bir birini yaxşı başa düşən oyunçulara malik “Qarabağ” qrup mərhələsinə düşəcək. Biz Avropaya “Qarabağ” vasitəsi ilə Qarabağın Azərbaycan torpağı olduğunu bir daha göstərəcəyik”.