“Qarabağ”ın sabiq futbolçusu Zaur Haşımov UEFA Avropa Liqasının play-off mərhələsinin “Qarabağ” – “Tvente” matçını dəyərləndirib.
Newsport.az saytının məlumatına görə, hazırda Ağdamlıların U-19 komandasının baş məşqçisi komandanın heyətinin çox dəyişdiyini bildirib:
“2009-cu ildə “Qarabağ”ın “Tvente”yə qarşı keçirilən hər iki oyununda meydançada olmuşam. O vaxt heyət yerli futbolçulardan qurulmuşdu. Əsas heyətdə legioner futbolçulardan təkcə Admir Teli mübarizə aparırdı. Gənc futbolçularımızın isə təzə-təzə üzə çıxan vaxtları idi. Əfran, Rauf, Maksim kimi oyunçular adlarından söz etdirirdi. “Tvente” isə çox güclü idi. Stiv Maklarenli “Tvente” aparıcı legioner və yerli futbolçuları ilə daha əzəmətli idi. İndi isə komanda gəncləşib. “Qarabağ”ın heyətində işini bacaran legionerlər var. Ümid edirəm ki, “Qarabağ” qrup mərhələsinə düşəcək. Amma konkret proqnoz vermək istəmirəm”.