Azərbaycan Premyer Liqasının 2-ci turunun AZAL-la oyununda yeni mövsümə start verən “Simurq” rəqibini 2-0 hesabı ilə məğlub etdi.
Newsport.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi George Çixradze komandaya yeni simaların qoşulacağını bildirib:
“İlk növbədə komandamı qələbə ilə təbrik edirəm, gözəl oyun göstərdik. Mövsümün ilk oyununda qələbə qazanmaq vacib idi. Təəssüf ki, ilk turu buraxmalı olduq. Demək olar ki, rəsmi oyun praktikamız yox idi. Bugünkü oyunda daha çox qol vura bilərdik, imkanlarımız çox idi, yaxşı oyun göstərdik. Komandanın oyunundan razıyam. İlk hissədə iki qol vursaq da, bizim üçüm asan oyun olmadı. Hesabda irəli çıxandan sonra da oyuna nəzarəti əlimizdə saxlamağa çalışırdıq. Adam Banaş, Marko Stanoyeviç, Əli Gökdəmir və Vadim Abdullayev komandaya gec qoşulsalar da, özlərini yaxşı tərəfdən göstərə bildilər. Transfer dövrünün sonuna kimi də 1-2 futbolçu ilə güclənməyi düşünürük. Təəssüf ki, Vüqar Mustafayev əməliyyat keçirməli oldu. O, bizə zədəli halda gəlmişdi”.