Topaz Premyer Liqasının 2-ci turunda “Bakı” səfərdə “Neftçi” ilə qarşılaşdı. Paytaxt derbisində rəqibinə məğlub olan “Bakı” mövsümə uğursuz start verdi – 0:1.
Newsport.az saytının məlumatına görə, qonaqların baş məşqçisi İbrahim Uzunca oyundan sonra mətbuat konfransında komandanın Premyer Liqadakı hədəflərindən danışıb:
“Premyer Liqada çıxış etməyimizlə bağlı sıxıntımız var idi. Başda Hafiz Məmmədov olmaqla, bu komandanı çempionata qazandırdıqları üçün hamıya təşəkkür edirik. Son 6 ildə “Bakı” klubunun futbol akademiyasından bir çox futbolçu yetişdirdik. Futbolçularımı göstərdikləri mübarizə əzminə görə təbrik edirəm. Fikrimcə, oyun heç-heçə başa çatmalıydı. Kiçik bir səhvdən qapımızda qol gördük. 1-2 həftə sonra tam hazır olmağa çalışacağıq. Məqsədimiz Premyer Liqada yerimizi qorumaq və futbolumuza yeni oyunçular yetişdirməkdir”.