"Xəzər Lənkəran" tarixində 450-ci

Azərbaycan Premyer Liqasının VIII turunun “Bakı” ilə oyunu iki futbolçunun “Xəzər Lənkəran”da qol hesabını açması ilə əlamətdar olub.

Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Alfred Sanko və Elnur Cəfərov karyeralarında ilk dəfə “ağ-yaşıllar”ın heyətində qol sevinci yaşayıb. 4:0 hesabı ilə başa çatan qarşılaşmayadək 92 oyunçu “Xəzər Lənkəran”da qol vurmuşdusa, bu rəqəm 94-ə çatdı. Sanko bu siyahıda 62-ci legioner, Cəfərov isə 32-ci yerli futbolçudur.

Elnur həm də klub tarixində ən gənc qol müəlliflərindən biri kimi tarixə düşüb. 17 yaş 6 ay 23 günlüyündə qol sevinci yaşayan gənc istedad yalnız komandanın kapitanı Rahid Əmirquliyevin göstəricisindən geri qalıb. Kapitan 17 yaş 2 ay 20 günlüyündə “Xəzər Lənkəran”da qol hesabını açmışdı. Bu hadisə kubokun - 2006-cı il noyabrın 20-də “Bakılı” (4:0) ilə matçına təsadüf etmişdi. Rahid Premyer Liqadakı ilk topunu isə cəmi 6 gün sonra - 2006-cı il noyabrın 26-da “Şahdağ”la səfər matçında (5:1) vurub. Həm çempionat, həm də ümumilikdə ən gənc qol müəllifi olan Əmirquliyevi keçmək üçün Cəfərova 4 ay kifayət etməyib. Ən gənc qolçular arasında 3-cü pillədə isə 18 yaş 4 ay 2 günlüyündə rəqib qapısına yol tapan Vüqar Nadirovdur. 2005-ci il okty brın 15-də kubokun “Şərur”la (9:0) oyununda fərqlənib.

Elnurun vurduğu qol həm də "Xəzər Lənkəran"ın 450-ci çempionat qolu kimi tarixə düşdü. Maraqlıdır ki, ötən il vurulan 400-cü qol da “Bakı” ilə Lənkərandakı matça təsadüf etmişdi.    

2004-cü ildə yaranan, elə həmin il Premyer Liqada debüt edən “ağ-yaşıllar” 450-ci qolunu 309-cu qarşılaşmasında vurub. Bu matçda daha bir dəfə qol sevinci yaşayan komanda bu rəqəmi 451-ə də çatdırıb. Bu qollardan 259-u evdə, 191-i səfərdə, 1-i isə “Qızıl oyun”un keçirildiyi neytral meydanda - Gəncədə vurulub.

Çempionatdakı yubiley qolları

1. 07.08.2004 “Turan” - “Xəzər Lənkəran” - 1:1 Çöri İlir, 26

50. 03.05.2005 “Xəzər Lənkəran” - “Ədliyyə” - 6:1 Martin Stankov, 36

100. 29.09.2006 “Gənclərbirliyi” - Xəzər Lənkəran“ - 0:3 İlqar Qurbanov, 8

150. 02.09.2007 ABN - “Xəzər Lənkəran” - 0:4 Zaur Ramazanov, 14-p.

200. 26.09.2008 MOİK - “Xəzər Lənkəran” - 0:4 İvan Svetkov, 34-p.

250. 29.11.2009 “Bakı” - “Xəzər Lənkəran” - 0:3 İvan Svetkov, 57-p.

300. 20.02.2010 “Xəzər Lənkəran” - AZAL - 2:1 Elnur Abdullayev, 45+2

350. 01.04.2012 “Xəzər Lənkəran” - “İnter” - 2:0 Eder Bonfim, 90+2

400. 14.09.2013. “Xəzər Lənkəran” - “Bakı” - 2:1 Etame Mbilla, 27

450. 19.10.2014. “Xəzər Lənkəran” - “Bakı” - 4:0 Elnur Cəfərov, 43

Qeyd edək ki, texniki qələbə üçün verilən 3:0 hesablı nəticə top sayında nəzərə alınmır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right