"Avro-2016"nın seçmə mərhələsində keçirdiyi 3 görüşün hamısında məğlub olan, Osiyekdə biabırçı hesabla yenilən millinin baş məşqçisi Berti Foqtsun postundan gedib-getməyəcəyi son günlərin ən aktual mövzusudu.
Newsport.az-a etibarlı mənbədən daxil olan məlumata görə, almaniyalı mütəxəssis bu yaxın günlərdə postunu təhvil verəcəyi gözlənilir. Foqtsun gedişindən sonra boş qalan baş məşqçi postuna AFFA artıq namizəd tapıb. Belə ki, qurum "İnter"in baş məşqçisi Kaxaber Sxadadzeni milliyə gətirir. Gürcüstanlı mütəxəssis qışda əsas millinin başına keçəcək. Əslində Sxadadzenin bir müddət öncə "İnter"lə müqvailə yeniləməməsinin başlıca səbəbi bu idi. Lakin AFFA Foqtsla heç cür ortaq məxrəcə gələ bilməmiş və bu məsələ təxirə salınmışdı. Ancaq öncədən də qeyd etdiyimiz kimi, Xorvatiyada alınan acı məğlubiyyət AFFA-nı hərəkatə keçirib.
Sonda onu da qeyd edək ki, milliyə gələcəyi gözlənilən Qurban Qurbanov əsas milliyə bir neçə səbəbə görə "yox" deyib. Ağdam klubunun çalışdırıcısı AFFA qarşısında Riçard Almeyda və Reynaldonun milliləşdirilməsini və bunun müqabilində millinin baş məşqçisi ola biləcəyini bildirib. AFFA isə "Qarabağ"da uğurları ard-arda sıralayan Qurbanovun bu istəyini qəbul etməyib və Sxadadze variantı üzərində dayanıb.
Yaxın günlərdə bəzi detalları da nəzərinizə çatdıracağıq. Bizi izləyin.