Nəhənglərə «yox» deyib, «Qarabağ»ı seçən «Sprinter» araşdırma

Təxminən 25 il olar futbol adlı populyar oyunun aludəçisiyəm. Ötən əsrin 90-cı illərindən bəri bütün böyük turnirləri izləməyə çalışmışam. Bu, hardasa Azərbaycanın müstəqillik qazandığı dövrlərə təsadüf edirdi. O vaxtlar öz-özümə fikirləşirdim ki, görəsən, biz də nə vaxtsa Avropa və ya dünya çempionatlarının seçmə, Çempionlar Liqası və UEFA kubokunun əsas mərhələlərində oynayacağıqmı? Çox keçmədi ki, bu arzum reallaşdı. 1994-cü ildən başlayaraq, Azərbaycan millisi beynəlxalq səhnəyə çıxdı. Amma...

Məlum səbəblərdən millimiz oyunlarını vətəndə keçirə bilmirdi. O vaxt texnologiya inkişaf etmədiyi üçün seçmə oyunları izləyə bilmirdik. Yenə arzulamağa başladım. Ki, nə vaxtsa millimizin oyununu canlı izləyə biləcəyikmi? Nə isə... Belə-belə arzular artan istiqamətdə getdi. İllər bir-birini əvəzlədi. AÇ-və DÇ-lərin seçmə oyunlarını da izlədik, ulduz futbolçuları da stadionlarımızda gördük.
Artıq klublarımızdan sıçrayış gözləməyə başladım. İlkin mərhələlərdə nə qədər uduzmaq olardı. Bunun üçün ilk növbədə heç olmasa, Avropada tanınan simaları ölkəmizə gətirmək lazım idi. Son 10 ildə futbola yatırılan milyonlar sayəsində bu həsrətimiz də bitdi. Oktay Dərəlioğlu, Valentin Belkeviç, Georgi Demetradze, Emil Mpenza, Maris Verpakovski, Ahmet Dursun, Marat İzmaylov kimi Avropada səs salmış futbolçuları Azərbaycan çempionatının oyunlarında görmək bizə nəsib oldu. Təbii ki, pul, yaxşı legioner olandan sonra tələblər də artır. Avrokuboklarda qrup mərhələsinə düşməyi arzuladıq. Çox şükür, bu arzumuz da çoxsaylı cəhdlərdən sonra reallaşdı. Əvvəlcə «Neftçi», bu il isə «Qarabağ» üzümüzü güldürdü. Onsuz da qrupdan çıxmağın çətin olduğunu bilirik. Hələ ki, buna gücümüz çatmır. Amma az qalıb. Bir neçə ildən sonra sadəcə qrupa düşməyi də qəbul etməyəcəyik. Hədəflərimiz böyüyəcək.

Vacib hadisə

Ötən həftə Azərbaycan futbolunda daha bir önəmli hadisə baş verdi. Avropa Liqasında mübarizə aparan təmsilçimiz «Qarabağ» A seriyasında oyun təcrübəsinə malik İnnosent Emeqaranı transfer etdi. Deyə bilərsiz ki, burda önəmli nə var ki, adi futbolçudu. Amma fərq var. Yuxarıda adlarını sadaladığım futbolçular Azərbaycana nə vaxt gəlmişdi? Karyeralarının qürub çağında. Emeqara onlar qədər məşhur olmasa da, o boyda A seriyasında oynayıb. 25 yaşı var, hələ karyerasının çiçəklənmə dövrünü yaşayır. Onu İtaliyada istəyən klubların adını sadalamaq kifayətdi ki, səviyyəsi haqda təsəvvür yaransın. Amma tələsməyin, onu necə lazımdısa, tanıdacağıq sizə.

Emeqara kimdi?

Onun «təmiz» avropalı olmadığı zahiri görünüşündən bəllidi. İnnosent 1989-cu il mayın 27-də Nigeriyanın ən böyük şəhərlərindən sayılan Laqosda doğulub. Uşaqlıq illəri bu şəhərdə keçib. Anası Laqosda isveçrəli oğlanla tanış olub və onu sevib. Beləcə «beynəlmiləl ailə» qurulub. Bəstəboy nigeriyalı 8 yaşından İsveçrədə yaşayıb. Təbii ki, bu ölkənin vətəndaşlığını da qəbul edib. Boyu 168 sm, çəkisi 68 kq olan Emeqara əsasən mərkəz hücumçusu sayılır. Amma o, hər iki cinahda vinqer kimi də oynaya bilir. Sağ ayağı daha yaxşı işləyir.

Harda başladı?

Uşaq yaşlarından futbola həvəsi olan Emeqara boyunun balaca olmasına baxmayaraq, sürətiylə seçilib. O, bu yola böyük futbolçu olmaq arzusuyla çıxıb. «Toss» adlı klubun uşaq komandasına qoşulanda 2002-ci il idi. Burda çox qalmadı. Bir ildən sonra «Vintertur»un futbol akademiyasına daxil oldu. Nigeriyalı burda, həmçinin yeniyetmə komandada da bir müddət oynadı. Gündən-günə inkişaf edən İnnosent peşəkar karyeraya tam hazır vəziyyətə gəldi. 2006-cı ilin yayında o, həyatında ilk ciddi təklifi aldı. «Sürix II» Emeqarayla üç illik müqavilə bağladı. Əvvəl-əvvəl bir az çətin olsa da, daim üzərində çalışan forvard əsas heyətdə özünə yer edə bildi. İlk mövsümdə cəmi 6 oyuna çıxan isveçrəli hücumçu iki qolla yadda qaldı. Növbəti mövsümdə statistika bir qədər yaxşılaşdı: 15 oyun, 5 qol. «Sürix II»-dəki son mövsümündə o, artıq əsas heyətin əvəzedilməz fiquru idi. 26 oyuna 9 qol vuran Emeqaranın səsi İsveçrənin yüksək divizionlarına yayıldı.

Tramplin rolunu oynayan «Vintertur» macərası

2009-cu ildə Emeqara yetişdiyi «Vintertur»un sıralarına qoşuldu. Nigeriya əsilli forvard burda karyerasının hələ ki, ən yaxşı mövsümlərindən birini keçirdi. Çellenc-liqada debütü 2009-cu il iyulun 27-nə «Şaffhauzen»lə oyuna təsadüf etdi. Amma ilk qolunu həmin ilin avqustunda «Krins»lə matçda vurdu. Sonradan ayağı açılan Emeqara 28 oyuna 17 qol vurmaqla bir çox tanınmış forvardların belə həsəd apara biləcəyi nəticə göstərdi. Onun istedadlı olduğu dəqiq idi. Bu üzdən «Vintertur»da çox qalmadı. Bircə uğurlu mövsümdən sonra daim Superliqada çempionluğa oynayan «Qrasshoppers» onu ələ keçirdi.

İsveçrədə zirvəyə çatdı

2010-cu ilin iyununda Emeqara İsveçrənin ən titullu klubuna transfer olundu. Superliqada ilk oyununu iyulun 17-də «Noyşatel»ə qarşı keçirən forvard son dəqiqələrdə Stiven Tsuberin əvəzinə meydana çıxdı. «Qrasshoppers»in heyətində ilk qolunu isə sentyabrın 19-da kubok matçında həvəskar komandaya vurdu. 2010/11 mövsümündə 33 oyuna 9 qol vuran İnnosent 2011/12 mövsümünə də Sürix klubunda başladı. Meydana çıxdığı 7 oyunda 5 qol da vurmuşdu. Amma mövsümün axırına kimi burda qalmadı.

«Loryan»da rəhbərliklə yola getmədi

2011-ci ilin avqustunda, transfer dövrünün bağlanmasına bir neçə saat qalmış «Loryan»dan Emeqaraya dörd illik müqavilə təklifi gəldi. Liqa 1-də debüt oyunundaca «Soşo»nu məyus edən hücumçu komandasını məğlubiyyətdən xilas etdi - 1:1. 2011/12 mövsümündə Fransa klubunda 27 oyunda forma geyinən İnnosent nədənsə növbəti mövsümün ilk yarısında yalnız bir dəfə meydanda göründü. Sonradan məlum oldu ki, klub rəhbərliyiylə futbolçu arasında müəyyən problemlər yaşanıb. Elə bu səbəbdən də 2013-cü ilin yanvarında «Syena»ya icarəyə verildi. Sonradan bu klubun tamhüquqlu oyunçusu oldu.

İtaliyada parladı və sevildi

Emeqaranın karyerasında İtaliya mərhələsinə xüsusi toxunmaq lazımdı. Burda istedadını daha da aşkar göstərməyi bacaran nigeriyalı bir anda Apenninə səs saldı. Yanvarın 27-də «Udineze»ylə qarşılaşmada A seriyasında debüt edən hücumçu ikinci hissədə Eron Boqdaninin əvəzinə meydana çıxdı. Növbəti oyunda isə o, əsl qəhrəman oldu. «İnter»i qəbul edən «Syena» 3:1 hesabıyla qələbə qazandı. Emeqara həm qol vurdu, həm də məhsuldar ötürməylə yadda qaldı.
İlk günlərdən tifozinin rəğbətini qazanan forvard sürətiylə A seriyası müdafiəçilərinin başağrısına çevrilməkdəydi. Tezliklə «İnter»in başına gətirilən «oyun» «Latsio»ya da yaşadıldı. Roma klubuyla qarşılaşmada Emeqaranın ildırım sürətiylə müdafiəçini geridə qoyub topu qapıdan keçirməsindən sonra azarkeşlər ona «Sprinter» ləqəbi qoymuşdular.

«Ronaldonu bəyənirdim»

Mətbuatın diqqət mərkəzindən düşməyən forvard İtaliyadakı günlərini belə şərh edir: «İtaliya çempionatında oynamaq uşaqlıq arzum idi. Kumirim kim olub? «İnter»də oynadığı vaxtlarda Ronaldonu bəyənirdim. Amma «Yuventus»a azarkeşlik etmişəm. Alessandro Del Pyero həmişə yaddaşımda ən sevimli oyunçulardan biri kimi qalacaq».
«Syena»da cəmi 6 ay oynayandan sonra «Livorno» ona «elçi düşdü». Yenə icarə əsasında 2013/14 mövsümünü «kommunistlər»in düşərgəsində keçirən 25 yaşlı «Sprinter» ümumilikdə A seriyasında 47 oyun, 11 qol və 8 məhsuldar ötürməylə yadda qaldı.

«İnter» yox, «Tottenhem» yox, məhz «Qarabağ»!

Onun «Qarabağ»a transferi bir qədər gözlənilməz və təəccüblü oldu. A seriyasında oynayan bir futbolçu saysız-hesabsız təkliflərin arasından niyə məhz Ağdam klubunu seçib? Bu haqda bir qədər sonra.

Əvvəla, o, mövsüm başa çatandan sonra «Livorno» A seriyasını tərk etdiyi üçün «Syena»ya qayıdıb orda oynamaq istəyirdi. Amma toskaniyalılar müflis olduğunu elan edərək D seriyasına yuvarlandığı üçün Emeqara işsiz qalmışdı.

Onunla maraqlanan klubların siyahısında kimlər yox idi ki? Siyahının başında Emeqaranın məyus etdiyi iki böyük klub dayanırdı - «İnter» və «Latsio» onunla ciddi maraqlanırdı. Hətta «Fiorentina» da hücumçusu Cüzeppe Rossi zədələnəndən sonra onu Florensiyaya gətirməyə cəhd göstərib. Bunlar hələ İtaliyadakı «elçilər»di. İnnosenti bu yay Rusiyada da gözləyirdilər. «Zenit» ona maraq göstərirdi. Hətta Almaniyadan da «elçi düşən» var idi - «Frayburq». İngiltərədən isə «Tottenhem» və «Vest Hem» Emeqaranı heyətində görmək istəyib. Görünür, Azərbaycan çempionu İsveçrə millisinin 25 yaşlı hücumçusuna daha sərfəli təklif irəli sürüb. Millidə 9 oyun keçirən İnnosentin «Qarabağ»da illik məvacibinin 500 min dollar olduğunu İtaliya mətbuatı yazıb. Doğrusunu isə Ağdam klubunun rəhbərliyi açıqlaya bilər təbii ki.

İsveçrə millisinin üzvüdü

2010-cu ildən İsveçrənin 21 yaşlılardan ibarət yığmasına çağırılan Emeqara AÇ-2011-də iştirak edib və final həyəcanı yaşayıb. 2011-ci ildə əsas komandaya çağırılan «Sprinter» ilk oyununu İngiltərə yığmasına qarşı keçirib.

«Qarabağ»la uzunmüddətli anlaşma

25 yaşlı hücumçunun Ağdam klubuyla müqaviləsində bir az mürəkkəb şərtlər var. Belə ki, rəhbərlik onun ilkin olaraq 6 aylıq anlaşdığını bildirib. İşlər qaydasında gedərsə, Emeqara özünü doğruldarsa, müqavilənin müddətinin iki il artırılma ehtimalı da var. Təəssüf ki, yeni transferi Avropa Liqasının qrup oyunlarında görə bilməyəcəyik.

Onun haqda düşüncələr

Cüzeppe Yakini («Syena»nın baş məşqçisi): «Emeqara mənə cərimə meydançasında oyun manevrinə görə Filippo İnzaqini xatırladır».
Onun «Qarabağ»a transferi isveçrəlilər tərəfindən heç də müsbət qarşılanmayıb. Yerli saytlarda gedən transfer xəbərinə aid şərhlərdən belə nəticəyə gəlmək olur: «Emeqara daha güclü liqaları seçə bilərdi. Azərbaycana getməkdənsə, Fransada ehtiyatda oturub pulunu qazanardı».

Pərviz Hikmət .Komanda.az

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right