Premyer Liqada VII turun "Neftçi" - "Qarabağ" matçının baş hakimi Orxan Məmmədov ünvanına yönələn ittihamları cavablandırıb.
Newsport.az xəbər verir ki, gənc referi öz "facebook" hesabından belə yazıb:
"Bu mövzunu yazmazdan əvvəl çox düşündüm. Və hətta yazmaq istəmədim. Amma bu suallara tək cavab tapa bilmədiyimdən bu qərara gəldim. Hər şeyin ikili olduğu bir dünyada yaşayırıq. Bir-biri ilə təzadda olan hisslər, duyğular, insanlar... Təzadda olan yaşamlar, dünyalar, iç aləmlər... Bir cismin iki üzü – görünən və görünməyən, iki tərəfi – işıq və kölgə düşən... Sizcə, bunlar hamısı təsadüfdürmü? Bəlkə yaxşının altından xətt çəkilməsi üçün pislik, xoşbəxtliyin hiss edilməsi üçün bədbəxtlik, xeyirə qiymət verilməsi üçünsə şər lazım imiş?
Hər zaman hər kəs sevinsəydi, bunun sevinc olduğu nədən bilinərdi - göz yaşları olmasaydı? Sülh və əmin-amanlığın necə bir nemət olduğu hardan bilinərdi - müharibələr olmasaydı? Nədir bunlar? Hec bir subut olmadan hər hansı bir insanı yalan və böhtanla şərləmək dində hansı cəzalarla cəzalandırılır?
Peyğəmbər (s): "Kim mömin kişiyə və ya qadına böhtan atsa, yaxud onun barəsində onda olmayan şeyi desə, Allah Qiyamət günü onu həmin şəxs barəsindəki sözünü geri götürənə kimi bir odlu təpənin üstündə saxlayar".
İmam Əli (ə): "Böhtan atmaq kimi həyasızlıq və abırsızlıq yoxdur".
Və sonda mənim bu insanlara son sözüm: "Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!"
"Neftçi" - "Qarabağ" matçı qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1. Oyundan sonra "flaqman" hakimlikdən kəskin şikayətlənib.