"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk ölkəsinin "Ukrainskiy futbol" nəşrinə müsahibə verib.
Newsport.az ukraynalı vingerin fikirlərini diqqətinizə çatdırır:
– Milli komandaya ilk dəfə 26 yaşında dəvət aldın. Bu anın gələcəyinə inamını itirdiyin məqamlar olub?
– Deməzdim ki, inanmırdım. Dəvəti çox gözləyirdim, çünki milli komandaya düşmək hər bir ukraynalı futbolçunun arzusudur. Ancaq hər şeyin öz vaxtı var. Kimsə 18 yaşında debüt edir, kimsə də 30 yaşında. Hesab edirəm ki, nəhayət, Allahın köməkliyi ilə milli komandasında debüt etməyim üçün indi ideal an gəlib çatıb.
– Andrea Maldera sənin dəvət olunmağını Siqankov və Zubkovun yoxluğu ilə əsaslandırdı. Belə sözlər özgüvəninə toxunmadı?
– Deməzdim. Hər halda, mən buradayam və həm adıçəkilən futbolçuların, həm də Andrey Yarmolenkonun toplanışda olmasından çox şad olardım. Siqankov və Yarmolenkonu yalnız televizorda görmüşəm və onların meydanda, eləcənə meydandan kənardakı işlərini izləmək, müəyyən keyfiyyətlərini mənimsəmək istərdim. Yarmolenko haqqında lider kimi yaxşı rəylər eşitmişəm. Düşünürəm ki, onlar mənə uyğunlaşmağa kömək edər, bəzi məsləhətlər verərdilər. Beləliklə, mənə şans düşüb və kiminsə olub-olmamasından asılı olmayaraq, bundan yüz faiz istifadə etmək istəyirəm. Bu, artıq mənim tarixrimdir və meydanda maksimum gücümü qoyaraq milli komandanın tamhüquqlu üzvü olmaq istəyirəm.
– Yarmolenkonun artıq milli komandadakı çıxışını başa vurduğu barədə xəbərlər var idi…
– Mənə elə gəlir ki, bəziləri tələsir. Hə, bu barədə çox yazırlar, lakin şəxsən Yarmolenkonun özündən belə bəyanatlar olmayıb. Düşünürəm ki, bu barədə danışmaq hələ tezdir, amma mən şəxsən tanış olana qədər onun karyerasını bitirməsini istəməzdim (gülür).
– Milli komandanın digər oyunçuları ilə nə dərəcədə yaxşı tanışsan?
– Əslində, hamısını tanıyıram. Kimi ilə oynamışam, kimi ilə sadəcə yollarımız kəsişib. Məsələn, Vitali Mikolenko ilə bir-birimizi sonuncu dəfə yəqin ki, 7 il əvvəl gənclər millisində oynayarkən görmüşük. O vaxtdan bəri o, İngiltərəyə köçdü. Biz əlaqə saxlayırdıq, sadəcə görüşməyə imkan olmamışdı. Bondar və Sudakovla isə daimi əlaqədəyik. İlk dəfə qarşılaşdıqlarım da var, amma məni yaxşı qəbul etdilər. Komandada yaxşı ab-hava var. Düşünürəm ki, bu kollektivlə əhəmiyyətli nəticələr əldə etməyə qadirik.
– Andrea Maldera ilə artıq ünsiyyət qura bilmisən?
– Telefonla qısa söhbətimiz olub. O, çağırılan futbolçuların siyahısı açıqlandıqdan sonra, toplanışa bir neçə gün qalmış zəng etdi. Bildirdi ki, məni izləyib və milli komandaya layiqincə gedirəm. Əmin etdi ki, bizə güvənir.
– Bu zəng səni təəccübləndirdi?
– Bir tərəfdən təəccübləndim, amma digər tərəfdən, bu, Avropada normal təcrübədir. Baş məşqçinin milli komanda üçün yeni oyunçu olduğumu anlayaraq vaxt ayırması xoş idi. Bu, emosional yüksəliş yaratdı və milli komandaya daha tez gəlib işə başlamaq istəyimi daha da artırdı. Milli komandanın oyununu, əlbəttə ki, izləyirdim. Lakin televizordan nəsə sxemlər görmək başqa şeydir, burada isə daha ətraflı izahat olacaq.
– İlk məşq də müsbət emosiyalar əlavə etdi?
– Bəli, burada yanaşmanın necə olması çox maraqlı idi. Yeni şeylər görmək istəyirdim. Həm də açıq məşqə çoxlu azarkeş gəlmişdi. Bu, bizim üçün əladır. Xaricdə oynayan futbolçuların ukraynalı azarkeşləri görmək imkanı yoxdur, buna görə də biz belə tədbirlərin tərəfdarıyıq.
– "Qarabağ"ın "Dinamo" üzərində qələbəsindən sonra sosial şəbəkələrdə “Həmişə inanın” sözləri ilə paylaşım etdin. Bunu milli komandaya uzun gözlənilən dəvətlə bağlı indiki vəziyyətə də şamil etmək olarmı?
– Yüz faiz! Milli komandaya düşmək futbol həyatındakı məqsədlərdən biridir. Gördüyünüz kimi, özünü göstərmək üçün hər zaman şans var. Bilirəm ki, Azərbaycan çempionatından Ukrayna millisinə dəvət bir çoxları tərəfindən eşidilməmiş bir şey kimi qəbul edilir. Lakin əgər komanda yaxşı çıxış edirsə, sən də şəxsən qollar və ötürmələrlə qələbələrə töhfə verirsənsə, səni izləyirlər. Məlum olur ki, ordan da milli komandaya düşmək olar.
– Həmin paylaşım hansı emosiyalarla diktə olunmuşdu? Məhz "Dinamo"nu udmaq prinsipial idi?
– Deməzdim ki, bu, məhz prinsipial idi. Ukrayna komandasına qarşı oynayacağımızı öyrənəndə sevindim. Anlayırdım ki, məşqçilər korpusu bütün ukraynalıları izləyəcək və bu, özünü göstərmək üçün əla fürsətdir. İlk matçda 0:1 hesabı ilə uduzduq, bundan sonra isə cavab görüşündə geridönüşü reallaşdırdıq. Demək olar ki, bizi növbəti mərhələyə çıxaran qolu vuraraq həmin paylaşıma çevrilən böyük sevinc yaşadım. Əsas odur ki, inasan. Belə olanda hər şey alınacaq.
– "Dinamo"ya qarşı iki oyun keçirərək, kiyevlilərin həmin andakı problemlərinin səbəblərini nədə gördün? Onların inamsız oyunu gözlənilməz oldu?
– Başqa klubun işlərinə qarışmaq istəməzdim. "Dinamo" futbolumuzun qranitidir və komandanın xeyli zəiflədiyini deməzdim. Çətin oyun gözləyirdim, elə də oldu. Sadəcə həmin an biz güclü çıxdıq, "Dinamo" mübarizəni dayandırdı və hamı onların üzərinə hücum çəkdi. Düşünürəm ki, onlar hələ optimal formalarını yığacaqlar. Ümumiyyətlə, ümid edirəm ki, mümkün qədər çox Ukrayna komandası avrokuboklarda çıxış edəcək.
– "Dinamo" üzərində qələbəyə baxmayaraq, hazırkı mövsüm "Qarabağ" üçün elə də yaxşı keçmir. Komanda çempionatdakı mövqelərini itirib, avrokuboklarda isə uzun illər ərzində ilk dəfə əsas mərhələyə düşə bilməyib...
– Həqiqətən də, avrokuboklara düşməmək hamımız üçün xoşagəlməz məqam oldu, çünki buna çox çalışmışdıq. Heyf, çünki "Qarabağ" və bütün Azərbaycan üçün bu, həqiqətən də vacibdir. Həm də "Qarabağ" sayəsində Azərbaycanı dünyada tanıdılar. İndi komandada çoxlu dəyişikliklər olub, yeni gələnlər uyğunlaşma dövrü keçməli idi. Bu, məhz avrokubokların təsnifat mərhələsi ilə üst-üstə düşdü. Tədricən forma yığırıq, lakin işlər hələ ki yaxşı getmir. Çünki "Qarabağ" həmişə qalib gəlməli, azarkeşləri sevindirməli, ən yüksək yerləri tutmalıdır. Ancaq bu hələ çempionatın başlanğıcındadır. Biz bir qədər geri qalırıq, lakin deyildiyi kimi, yaxşı at finişdə qaçır.
– Doğrudur ki, sən də "Qarabağ"ın yay yenidənqurmasının bir hissəsi ola bilərdin? "Polissya"nın sənə olan marağı barədə məlumatı nəzərdə tuturam...
– Müəyyən vaxtda həqiqətən də klub dəyişmək barədə düşünürdüm. "Qarabağ"la danışırdıq, xüsusi heç bir nəticəyə gəlmədik. Amma mən karyeramda növbəti addıma açıq idim. Buna baxmayaraq, vəziyyət dəyişdi və indi baş məşqçidən daha çox etimad hiss edirəm. Öz tərəfimdən meydandakı hərəkətlərimlə cavab verməyə çalışıram ki, o, mənim bacarıqlarıma şübhə etməsin. Hazırda "Qarabağ"da xoşbəxtəm, bundan sonra nə olacağını isə yalnız Allah bilir.
– Leandro Andrade sənin əvəzinizə "Polissya"ya keçdi, yoxsa bunlar bir-biri ilə əlaqəli deyil?
– Düşünmürəm ki, bununla bağlıdır. Biz onunla bu barədə danışmışıq. Leandro "Polissya"nın marağından danışdı, mən də bildiyim hər şeyi danışdım. Hələ ki o, əsl statistikasını vermir, uyğunlaşma dövrü davam edir. Biz vaxtaşırı ünsiyyət qururuq. O, düzgün seçim etməsinə səbəb olan məsləhətlərə görə təşəkkür edir. Ukrayna və komanda onun xoşuna gəlir.
– Ruslan Rotanla əməkdaşlıqdan da razıdır?
– Əlbəttə. Leandro onu gözəl futbol təbliğ edən gənc, müasir məşqçi kimi səciyyələndirir. Ruslan Petroviçin qurduğu oyun Andradenin xoşuna gəlir. Onların turnir cədvəlinin yuxarı pillələrində qərarlaşması səbəbsiz deyil.
– "Qarabağ"ın köhnə oyunçuları Ukrayna komandaları ilə avrokuboklardakı görüşləri xatırlatmadılar?
– Bəli, vaxtaşırı "Dnepr" və "Vorskla" ilə matçları xatırlayırlar. Bazadakı stenddə həmin klubların emblemləri də yerləşdirilib. Fürsət düşdükcə bu mövzulara toxunuruq, müzakirə edirik, zarafat edirik.
– Sən də Çempionlar Liqasının 2025/26 mövsümünün əsas mərhələsinin ilk matçında "Benfika"ya qələbə qolu vuraraq "Qarabağ" tarixinə düşdün. Həm də həmvətənlərin Trubin və Sudakovu məyus etdin...
– Həm mənim üçün, həm də bütün klub üçün çox əlamətdar gündür. Bütün heyətdən yalnız bir nəfər bundan əvvəl Çempionlar Liqasında oynamışdı, qalanları üçün bu, debüt idi. Çox güclü köklənmişdik. Bilirdik ki, bizi ciddi qəbul etmirlər və bu, bizim əsas üstünlüklərimizdən biri idi. Oyunun əvvəli yaxşı alınmadı, lakin geridönüş etdik. Matç çoxlu müsbət emosiyalar və hekayələr bəxş etdi. Əvəzetmədən meydançaya çıxaraq komandaya kömək etmək istəyirdim. Hər şey sanki duman içində idi. Həmin qolu vuranda azarkeşlərlə dolu stadionda tam səssizlik yarandı. Hətta çaşqınlıq keçirdim. Matçdan sonra, əlbəttə ki, Trubin və Sudakovla ünsiyyət qurduq. Bir-birimizə uğurlar arzuladıq və formalarımızı dəyişdirdik. Onlar zarafatla soruşurdular ki, niyə məhz sən?
– Həmin qələbə ilə "Benfika"nın məşqçisi Brunu Lajeni də işdən qovdun?
– Bilmirəm, bu, bizim uşaqlara kömək etdi ya yox (gülür). Allaha şükür ki, oynayırlar və onlar üçün sevinirəm.
– "Şaxtyor" akademiyasının bütün pillələrini keçdin, sonra isə "Mariupol"a icarəyə getdin. O vaxtlar bu, Donetsk klubunun gənc futbolçuları üçün tipik yol idi. Bunda perspektiv görürdünüz, yoxsa sadəcə ənənəvi yolla gedirdin?
– 11 yaşımda Donetsklə köçmüşəm. Sevinirəm ki, bütün yolu keçib "Şaxtyor"un əsas komandasında yer alan, qollar vuran, iki kubok qazanan azsaylı insanlardan biriyəm. Hesab edirəm ki, bundan qürur duya bilərəm. Deyəsən, həmyaşıdlarım arasında bunun bacaranların sayını bir əlin barmaqları ilə saymaq olar. Hər halda, "Şaxtyor"a minnətdaram. Əks halda futbolçu və indi olduğum adam olmazdım. "Mariupol"dakı dövr isə həmin vaxt irəliyə atılan addım kimi görünürdü. Anlayırdım ki, "Şaxtyor"un əsas komandasında yüksək keyfiyyətli icraçılar, legionerlər çoxdur və mən 18-19 yaşımda sadəcə oturub gözləmək istəmirdim. Oynamaq və gənclər futbolundan böyüklər futboluna bu tullanışı etmək lazım idi. "Mariupol"da çox gözəl vaxt keçirdim, Ukrayna Premyer Liqasında debüt etdim və ilk qolumu vurdum, şəxsiyyət və futbolçu kimi formalaşdım. Prinsipcə, hər hansı klub olmasaydı, indi burada, milli komandada olmazdım. Buna görə də hər bir komandaya və hər bir məşqçiyə minnətdaram. Heç bir seçimimdən peşman deyiləm.
– "Mariupol" "Şaxtyor"dan kimi dəvət edəcəyini özü seçirdi?
– Onların "Şaxtyor"la yaxşı münasibətlərdə olması heç kim üçün sirr deyil. Bir futbolçu kimi həmin vaxt "Mariupol" mənim üçün göydəndüşmə hədiyyə idi. Hətta "Şaxtyor"un əsas heyətində özünü doğrultmasan belə, yenə də böyük futbolda oynamaq istəyirsən. Yaxşı ki, "Mariupol" var idi. Mən 19 yaşında debüt etdim, bəzilərini isə artıq 17 yaşında buraxmağa başladılar. Buna görə də gənc oyunçu üçün həmin layihə karyera başlanğıcı üçün çox yaxşı idi.
– Növbəti icarən sadəcə fenomenal statistika göstərməyi bacardığın "Sabah"a oldu. Bu barədə nə deyə bilərsən?
– Futbolçu kimi özümü doğrultmaq üçün böyük istək var idi. Vinger mövqeyində oynayaraq, nəyə qadir olduğumu sübut etmək üçün bu rəqəmlərə ehtiyacım var idi. Açıq desəm, karyeramın həmin ili ən uğurlusu idi. Kollektivə çox tez uyğunlaşdım. Yaxşı rəqabətədavamlı komanda yaradılmışdı. O zaman "Qarabağ" başqaları üçün əlçatmaz idi, lakin biz intriqanı qoruyub saxladıq və tarixdə ilk dəfə ikinci yeri tutduq, avrokubokların təsnifat mərhələsinə düşdük. Bütün oyunçular özlərini yaxşı doğrultdular, özgüvən qazandılar. Etimad hiss edirdim və meydanda oyunumla cavab verməyə çalışırdım. Hər şey ən yaxşı şəkildə alındı.
– "Şaxtyor" belə mövsümündən sonra səni geri qaytarmaq qərarına gəldi?
– Bəli, mənə məlumat verdilər ki, yayda əsas heyətlə toplanışa cəlb etməyi planlaşdırırlar. "Sabah"dan sonra artıq yetkin futbolçu kimi, hamı ilə rəqabət aparmağa qadir olduğuma əmin olaraq gəldim. Məni artıq başqa cür qəbul edirdilər. Mövsümün başlanğıcı yaxşı alındı. Oynayırdım, debüt qolumu vurdum, qələbə qazanırdıq. Sonra müəyyən səbəblərdən oynamağı dayandırdım, lakin indi bu mövzunu qaldırmaq istəmirəm.