AFFA-nın U-19 Liqasının 2014/2015-ci il mövsümünə start verilib.
Newsport.az-ın Futbolxeber.az-a istinadən verdiyi məlumata görə, assosiasiyanın rəsmi saytında yer alan nəticələrdə Premyer Liqada çıxış edən 2 klubun - “Bakı” və “Araz Naxçıvan”ın adına rast gəlmədik. Sonradan məlum oldu ki, “Bakı” turnirdə mübarizə aparır. Sadəcə, çempionatda 11 komanda mübarizə apardığından hər tur bir kollektiv istirahət edir ki, ilk tur da istirahət hüququ “Bakı”nın payına düşüb.
Lakin “zolaqlılar”dan fərqli olaraq, “Araz Naxçıvan” həqiqətdən də turnirdə mübarizə aparmır. Bunu, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu da təsdiqlədi: “Bəli, “Araz Naxçıvan” bu yarışda iştirak etmir. Onlar nəninki U-19, ümumiyyətlə bütün aşağı yaş qrupları üzrə yarışlarda çıxış etmirlər”.
“Bəs, bu əsasnamənin pozulması deyilmi” sualımızı Mikayıl Nərimanoğlu belə cavablandırdı: “Araz Naxçıvan” klubu AFFA-ya məktub ünvanlayıb. Onlar blokada şəraitində yerləşdiklərini əsas gətirərək, aşağı yaş qrupları üzrə çempionatlarda iştirak etmədiklərini, həmin yaş qrupu üzrə komandalarının Naxçıvanda keçiriləcək regional liqalarda mübarizə aparmasını istəyiblər. AFFA da bu təklifi müsbət cavablandırıb”