Güloğlan Cabbarov: "PFL və Hakimlər Komitəsi niyə ayrılmır?" MÜSAHİBƏ

O, Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin məzunudur. Bəziləri onu kinq-boks, boks və uşi-sanda çempionu kimi, bəziləri isə "Neftçi" klubunun sabiq rəisi və hüquqşünası kimi tanıyır. Söhbət Güloğlan Cabbarovdan gedir. Cabbarov bir çox məsələlərə aydınlıq gətirib.
 
- Necə oldu ki, Hüquq fakultəsində oxuyan Güloğlan Cabbarov idmana meyl etdi?
- Mən 1999-cu ildə BDU-nun Hüquq fakultəsinə daxil olmuşam. 2004-cü ildə isə həmin fakultəni bitirib, məzun olmuşam. Bu illər ərzində Avropa və Dünya çempionatında iştirak edirdim. 2001-ci ildə Respublika çempionu oldum. 2002-ci ildə ilk dəfə Dünya çempionatından medalla qayıtdım. Daha sonra həm kinq-boks, həm də boksla məşğul olmağa başladım. 2006-07-ci illərdə ardarda dünya çempionu oldum. Qalan illərdə bir neçə dəfə də medallar qazanmışam.
 
- Kinq-boksçu kimi uğurlarınız çox olub. Bəs necə oldu ki, boksa da maraq yarandı?
- Bu iki idman növü demək olar ki, eynidir. Çox zaman kinq-boksçu olaraq boks döyüşlərinə də çıxırdım. Rusiyada beynəlxalq turnirin qalibi olmuşam. Siciliyada hərbiçilər arasında keçirilən olimpiadaya qatılmışam və 5-ci yerə çıxmışam. Eyni zamanda uşi-sanda üzrə də dünya çempionatının qalibi olmuşam. Belə deyək də, həm oxuyub, həm də idmanla məşğul olmuşam ki, sağlam bədəndə sağlam ruh olsun.
 
- Hüquq fakultəsini bitirsəniz də, hazırda Kinq-Boks Federasiyasının vitse-prezidentisiniz...
- 2008-ci ildə Adil Əliyev (Kinq-Boks Federasiyasının prezidenti-red.) mənə bu vəzifəni təklif etdi və qəbul etdim. Həm kinq-boks üzrə beynəlxalq dərəcəli hakiməm, həm də Azərbaycanda keçirilən yarışların baş hakimiyəm.
 
- Nəyə görə məhz vitse-prezident? Bəlkə bu idman növündə məşqçi ola bilərdiniz...
- Düşünmüşəm, amma indi çox yaxşı məşqçilərimiz var. Bizim də üzərimizə düşən işlərimiz var. Bu səbəbdən məşqçilik etməyə vaxt tapa bilmirəm.
 
- Ən yadda qalan döyüşünüz hansı olub?
- 2007-ci ildə dünya çempionatının finalında rəqibi nokauta salmışdım. Məşqçilər dəsmal atdı ki, oyun dayansın. Bu vaxt mənim qolum çıxmışdı. Lakin onlar bunu bilmirdi. Sonradan rəqibin məşqçiləri bunu bildi, peşman oldu. Ancaq bu mənim qismətim idi və çempion oldum.
 
- Sizi futbola bağlayan nədir?
- Mən 1996-cı ildən futbolla məşğul olmuşam. Rəhmətlik Əli Rəhmanov bizim "Araz Naxçıvan"da məşqçimiz olub. Çox yaxşı da futbol oynamışam. O vaxtdan qalan video yazılar da var. İlk yoxlama oyununda "Şərur"la oynayanda mən iki qol vurmuşdum. Məni "Şərur"dan gətirmişdilər. Oyun zamanı Rəhmanov qapının arxasından mənə deyirdi ki, "bəsdi, bizi biabır eləmə". 1998-ci ildə Bakıya qayıtdım və futbolu atdım.
 
- "Neftçi" sizin həyatınızda böyük rol oynayır. Bu kluba gəlişiniz necə baş verdi?
- "Neftçi"yə gəlişim Sadıq Sadıqovun təklifi ilə bağlı oldu. Mən vitse-prezident ola-ola daha bir işlə məşğul olmaq istəyirdim. Sadıqov da mənə dəstək üçün klubun hüquq şöbəsini mənə təklif etdi.
 
- Klubun hüquq şöbəsində işə başladınız. Ancaq ictimaiyyət Güloğlan Cabbarovu Sadıq Sadıqovun vuran əli, qoçusu kimi tanıyır...
- Mən belə deməzdim. Bəzi istəməyən adamlar məni belə tanıtmağa çalışdılar. Ola bilər ki, mənim uğurlarıma paxıllıq etdilər. Biz idman adamıyıq və hər kəsin bir işi var. Bizim öhdəmizə düşən budur ki, sağlam idmançılar yetişdirək. Lakin çox təəssüflər olsun ki, bunu bəzən başqa yerə yozanlar da tapılır. İdmançılara ancaq qoçu kimi baxırlar. Mənim 4 övladım var və onlarla məşğulam. Mənim qoçuluqla heç bir işim olmaz. Bunu sadəcə gözü götürməzlik adlandırardım.
 
- Hardasa sizinlə razılaşmaq olar. Ancaq bu şəxslərin əlinə ən böyük fürsəti elə özünüz verdiniz. Söhbət Azərbaycan kubokunub finalında "Xəzər Lənkəran"ın futbolçusuna vurduğunuz zərbələrdən gedir. Və bütün ictimaiyyət bunu gördü. Buna necə haqq qazandırmaq olar?
- Mən demirəm ki, kimsə mənim əlimdən kiməsə zərbə vurdu. Bu işə səbirsizliyim mane oldu. Kamran Abdullazadəni demirəm. Ancaq Radamel Todorovun mənə qarşı söyüşündən sonra ara qarışdı. Orada hamı özündən tez çıxdı. Sonra hamı bir-biri ilə görüşdü və barışıq oldu. Ancaq futbolda olan elə adamlar vardı ki, onlar bu məqamı gözləyirdilər. Həmişə haqqın tərəfində olmuşuq. Heç vaxt nahaqqa göz yummarıq. Ona görə bəzilərinə sərf etmirdi ki, Güloğlan Cabbarov hansısa vəzifəyə gedər. Əllərinə fürsət düşdü və bunu mediada şişirtdilər. Buna "lotu", "qoçu" adı verməklə, ləkə yaxmağa çalışdılar. Kimin lotuluq, qoçuluq etdiyini, kimin haram tikə yediyini, kimin Azərbaycan futbolunun başına hansı oyunlar açdığını zaman göstərəcək. Hər kəs yaxşı bilir ki, nə nədir. Lakin hələ ki, susuruq.
 
- Biraz da "Neftçi"dən danışaq. Fikrinizcə "Neftçi" peşəkar klubdur?
- Əlbəttə. Sadəcə sualın məğzini anlaya bilmədim.
 
- İzah edim. Deyirsiniz "Neftçi" peşəkar klubdur. Tahir Süleymanov istefa verir, amma "Neftçi"də çalışırdı. Böyükağa Hacıyev baş məşçi postundan istefa verir, klub prezidentinin müşaviri olur. Güloğlan Cabbarov komandanın rəisi vəzifəsindən istefa verir, klubda hüquqşünas kimi çalışır. Elnur Əşrəfoğlu bir vaxtlar "Neftçi"dən göndərilir, indi isə klub prezidentinin müşaviridir. Peşəkar klubda bu cür təyinatlar olmur axı...
- Buna qeyri-stabillik deyərdim. Çünki klub işlərindən başqa burada dostluq amilləri var. Tahir istefa verdikdən sonra bir müddət Avroliqa oyunlarına kömək etdi. Ancaq istefa vermişdi. Şəxsən mən bunu gözləmirdim. Böyükağa Hacıyevə gəldikdə isə, bəzi şeylər var ki, fikirlərimiz üst-üstə düşmürdü. Məsələn, fiziki hazırlıq üzrə məşqçi istəmirdi. Mən həmişə ona deyəndə, mənə deyirdi ki, "mənə nolub"? Peşəkar klubda mütləq fiziki hazırlıq üzrə məşqçi olmalıdır. "Neftçi"nin "Partizan" səddini keçə bilməmə səbəblərindən ən əsası fiziki hazırlığın aşağı olması idi.
 
- Yəni bir neçə dəfə "Neftçi"ni ölkə çempionu edəb Böyükağa Hacıyev, sonda "Neftçi"ni yıxdı?
- Bilirsiniz, biz çempion olanda fiziki hazırlıq üzrə məşqçimiz vardı. Üstəlik futbolçuların da öz bazaları olur. Ancaq müəyyən bir müddətdən sonra bu azalır. Ancaq məşqlər keçilməyəndə, nə vaxtsa bu hazırlıqsız olmaları özünü göstərir. Hacıyev 2-ci ildir ki, fiziki məşqçi istəmirdi. Hətta "Skenderbeu" ilə oyunda da bu özünü biruzə vermişdi.
 
- Kubokun finalında olanlar geridə qaldı. Özünüz də qeyd etdiniz ki, barışıq oldu. Bəs niyə tez-tez bu məsələ gündəmə gəlir? Bunu qabardanlar kimlərdir?
- Peşəkarlıqdan danışırıqsa, bu işin cəzası olur. Ya hansısa cərimə tətbiq olunur, cəza verilir, ya da ömürlük futboldan diskilifikasiya cedilir. Əfsuslar olsun ki, mən nə futboldan uzaqlaşdırıldım, nə də cəza verildi. Mən həmin gün gecə saat 4-də öz istefamı verdim. Demək olar ki, futboldan cəzasız getdim. Əgər peşəkarlıq olsaydı, mənə cəza verilərdi və bu hadisələr unudulardı. Bu hər kəsin başına gələ bilər. Adicə futbolçular meydanda düşmən olur, ancaq oyun bitdikdə hamısı qucaqaşıb, meydanı tərk edir. Bu gün Azərbaycan futbolunda elə insanlar var ki, mənim orada olmağım onlara sərf etmir. Elə bil mən onların vəzifəsinə gələcəm.
 
- Gündəmə gəlmək də özünüzlə bağlıdır. "Neftçi"dən ayrılsanız da, yenə də Sadıq Sadıqovla birgə oyunlara gedirdiniz. Bu da qıcıq yaradırdı...
- Bir dostun səhv addım atarsa, buna görə onunla münasibəti kəsmək olmaz. Mən sadəcə Sadıq Sadıqovla dost olduğum üçün oyunlara gedirdim. Birdən-birə mənim kəsilib atılmağım nə dərəcədə doğrudur? Xəyanət etməmişəm, rüşvət almamışam, oyun alqı-satqısı etməmişəm. Bu elə bir böyük səhv idi ki, mən dostumu da itirəm? Buna görə mən oyunlara gedirdim.
 
- Sadıq Sadıqovla dostluq münasibətiniz var. Ancaq "Neftçi" əvvəlki "Neftçi" deyil. Artıq dostunuzun komandası özünü xalqdan küsdürüb... Buna səbəb də "Neftçi"yə yaxılığı ilə tanınan hakimlərin oyun idarəçiliyi, oyun alqı-satqısı söhbətləri olub..
- Mən "Neftçi"də işlədiyim müddətdə belə bir halla qarşılaşmamışam. Nə hakimlə danışığa getmişik, nə də başqa bir şey. "Neftçi"nin bu cür xallara ehtiyacı yoxdur. Məsələn, Qəbələdə olmayan penaltini vermişdilər bizə. Bu da "Neftçi"yə qarşı olunan haqsızlıq idi. Bu da antipatiya yaradırdı.
 
- Deməli Peşəkar Futbol Liqası (PFL) "Neftçi"ni hansısa yolla "vurmaq" istəyir?
- Bəli, PFL heç zaman "Neftçi"ni sevməyib və dəfələrlə qarşı-qarşıya gəlmişik. Heç vaxt PFL və "Neftçi" yola getməyib.
 
- AFFA prezidenti Rövnəq Abdullayev və PFL prezidenti Ramin Musayev "Neftçi"də çalışıb. Dediyiniz kimidirsə, niyə yuxarıdakılar "Neftçi"ni sevmir?
- AFFA prezidenti milli komandalarla məşğuldur. Bu səbəbdən inanmıram ki, o, hansısa kluba ayrıseçkilik etsin. Güclü kimdirsə, ilin sonunda medalnı təqdim edəcək. Bəzən mənim sözlərimi AFFA-ya qarşı yönəldirlər. Ancaq belə deyil. Mənim AFFA ilə heç bir işim yoxdur. Mənim işim PFL və Hakimlər Komitəsiylədir. Mənim "Neftçi"də çalışdığım müddətdə ancaq PFL və Hakimlər Komitəsi ilə tez-tez mübahisəmiz olub.
 
- Yəni HK-nın işindən razı deyilsiniz?
- Bu gün Xaqani Məmmədov özü özünü idarə etsə, hər şey başqa cür olardı. Əfsuslar olsun ki, HK və PFL bir yerdə olmamalıdır. Hərə öz işi ilə məşğul olmalıdır. Çünki HK-nı PFL yönləndirir. Ortaya çıxan hadisələr də bununla bağlıdır. bütün futbol adamları bundan narazıdırlar. Hərəsi öz işi ilə məşğul olsa, daha maraqlı çempionat izləyərik. Düz danışdığıma görə mənə qarşı belə hərəkətlər olur, ona görə indi "Neftçi"də deyiləm və futboldan uzaqlaşdırılmışam.
 
- Ramin Musayevin işindən razı deyilsiniz. Ancaq o, bir neçə gün əvvəl saytımıza verdiyi müsahibədə klublar tərəfindən seçildiyini demişdi. Bu səbəbdən də klubların tərəfini tutduğunu və istəklərini yerinə yetirməyə çalışdığını söyləmişdi...
- Ramin Musayevi klublar seçibsə, Allah xeyrini versin. Ramin Musayev PFL prezidenti seçilib, Hakimlər Komitəsinə yox. O klubların haqqını qorumalıdır. Maraqlı məqam odur ki, HK və PFL niyə ayrılmır? Xaqani Məmmədov özü idarə edə bilməsə də, yaxşı hakimlərimiz var.
 
- O zaman Xaqani Məmmədovun o postda olması Ramin Musayevə sərf edir...
- Əlbəttə, əgər sərf etməsə, bu müddət ərzində kadr dəyişikliyi olmuşdur.
 
- Belə çıxır ki, Elçin Məmmədovun hakimlikdən uzaqlaşdırılmasının, Anar Salmanovun cəzalanaraq ötən mövsümü aşağı dəstədə keçirməsinin səbəbkarı Ramin Musayevdir?
- Bəli. Çox gözəl FİFA referilərimiz olub. Vüsal Əliyev, Anar Salmanov, Fariz Yusifov, Əliyar Ağayev və s. Mənə maraqlı olan Anar Salmanov idi. çünki o FİFA referisi yüksəliş dövürün yaşayırdı və ona kömək lazım idi. Niyə onu bir oyuna görə silib atdılar? Bunun da səbəblərini hamı çox gözəl bilir. Mənim fikrimcə elə hakimlər olmalıdır.
 
- Son zamanlar sosial şəbəkələrdə paylaşdığınız fikirlər gündəm yaradır. Bu sizi kimlərləsə düşmən etmir?
- Onsuz çoxları ilə artıq düşmən olmuşam. Haqqı demirsən olmur, deyəndə də hər kəsə başqa cür çatdırırlar. Məsələn, mən PFL-dən narazılıq bildirəndə, onu AFFA-ya ilişmək kimi qələmə verirlər. Mənim AFFA və ya Elxan Məmmədovla heç bir problemim yoxdur.
 
- "Partizan" məğlubiyyətindən sonra belə bir fikir bildirmişdin: "Bu məğlubiyyətin memarlarını işdən qovardım". Bundan bir neçə gün sonra Böyükağa Hacıyev "Neftçi"dən getdi. Növbəti hədəf kimdir?
- Böyükağa Hacıyev belə bir fikir səsləndirmişdi ki, uğur olanda mən komandayla oluram, ancaq məğlubiyyət olanda yox. Mən uğursuzluq olanda da komandanın yanında olmuşam. Sadəcə son zamanlar qələbə və məğlubiyyətlər olanda artıq Güloğlan Cabbarov kənarda qalmışdı. Elə Bakıdakı oyunda mən komandayla birgə deyildim. Nə məşqinə, nə taktikasına, nə də başqa bir işinə qarışmamışam. Mən Belqrada gedəndə orada idim. Ancaq ikinci hissədə komanda ilə görüşə bilmədim. Bəzi adamlar var idi ki, Sadıq Sadıqova demişdi ki, məsuliyyət bizlikdir. Ona görə də onlar sinələrini qabağa verdi və mən kənarda qaldım. Məşqçilər və bir neçə futbolçu bu məsuliyyətin altına girmişdi, ancaq alınmadı. Mən də baxdım ki, "Neftçi"dən səs-səmir yoxdur, bu cür fikir bildirdim. Artıq özümü saxlaya bilmədim. Və dedim ki, bu uğursuzluğun memarlarını iti qovan kimi qovmaq lazımdır. Getdilər, ancaq günah təkcə Böyükağa Hacıyevdə deyildi. Hələ də bu günahkarlardan klubda çalışan var. Məşqçi də var, futbolçu da. Söz verənlər onun arxasında da dayanmalı idi.
 
- Sadıq Sadıqov ötən mövsüm demişdi ki, çempiona ola bilməsə istefa verəcək. Siz necə düşünürsünüz, artıq getməyin vaxtıdır?
- Sadıq Sadıqov kimi insanlar bu futbola lazımdır. Bu gün elə insanlar var ki, çempionluğa yaxın belə dura bilmirlər. "Neftçi" az bir büdcə ilə uğur qazandı. Avropa Liqasının pley-off mərhələsində uduzmaq mənim üçün uğursuzluqdur. Mən Çempionlar Liqasında olmağın tərəfdarıyam. İnanıram ki, başqa klublarda olan vəsaitlə "Neftçi" daha çox iş görər, hətta ÇL-ə də vəsiqə qazanar. Çox adam elə bilir ki, SOCAR deyiləndə Azərbaycanın bütün nefti "Neftçi"yə axır. Ancaq elə deyil və sadəcə sponsordur. Azərbaycanda olan sponsorlar arasında ən az vəsait verən deyərdim ki, SOCAR-dır. Sadıqov idman adamıdır və idmançıları başa düşür. Dostluğu qoyuram bir kənara, onun kim insanlar bu idmana lazımdır.
 
- "Neftçi"dən komandanın gəncləşdirilməsi ilə bağlı açıqlamalar verilirdi. Bu həqiqətən belədir, ya klub büdcəsinin azaldılması ilə bağlıdır?
- Sadıqov da, Süleymanov da, biz də gəncləşdirmə siyasətini dəstəkləmişik. Müasir futbolda 30 yaş artıq qocalmış sayılır. Ona görə gənclərə üstünlük vermək daha yaxşıdır. Əsl istədiyimiz "Neftçi"ni bu il görürük. Ancaq onlarla yanaşı səviyyəli legionerlər də olmalıdır ki, gənclər nəsə öyrənsin.
 
- Milli haqqında təəssüratlarınızı bilmək istərdim...
- İstərdim ki, millidə də gəncləşdirmə aparılsın. Ən azından bilərik ki, bir neçə ilə gənclər özünü doğruldacaq.
 
- Berti Foqtsun fikirlərini dəstəkləyirsiniz?
- Mən heç vaxt onu dəstəkləməmişəm. Ancaq bu yaxınlarda bir fikri ilə razıyam ki, klublarda fiziki hazırlıq aşağıdır. Klublar necə 60-70 dəqiqə futbol oynayırsa, milli də elə.
 
- Ancaq "Qarabağ" 90 dəqiqə futbol oynayır. Milliyə çağırılan "Qarabağ"lılar yenə də 70 dəqiqə futbol oynayır...
- Təbii ki, burada legioner limiti də var. Qurban Qurbanov gözəl sistem qurub. Həm taktiki, həm də fiziki cəhətdən yaxşı oyun nümayiş etdirirlər. Ancaq nəzərə almaq lazımdır ki, legionerlə də var.
 
- Milliləşən legionerləşməyə münasibətiniz necədir?
- Foqtsun zəif oyunçuları milliləşdirməsinin əlehinəyəm. Ondansa, 1-2 səviyyəli futbolçu gətirsinlər. Məsələn Reynaldo kimi. Bu zaman yığma komandadan müəyyən müddətdən sonra uğur gözləmək olar.
 
-Ancaq əcnəbi futbolçuları Foqts yox, Elxan Məmmədov gətirir...
- İnanmıram ki, belə bir şey olsun. Ən azından bir futbolçunu gətirəndə məsləhətləşmələr olur, sonra qərar verilir.
 
- Jurnalist olsanız, özünüzə hansı qalmaqallı sualı verərdiniz?
- Bu çətin oldu. Özümə veriləsi sualım da, jurnalitlərə veriləsi sualım da çoxdur.
 
- Jurnalistlərə hansı sualı verərdiniz?
- Jurnalistlərə bu sualı verərdim: "5 ildə PFL və Hakimlər Komitəsini niyə bir-birindən ayıra bilmirsiniz?"
 
Söhbətləşdi: Rövşən Əhlimanoğlu
Aut.az




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right