Azərbaycan I Divizionun III turunun “Mil-Muğan” – “Turan-T” matçında oyun bitdikdən sonra “Turan-T” klubu protokolda etiraz qeyd edib. Belə ki, “Mil-Muğan” komandasının 3 №-li futbolçusu Fərid İbrahimlinin (doğum tarixi: 30.05.1993) əvəzinə klubun digər futbolçusu Məhərrəmov Orxanın (doğum tarixi: 11.11.1990) iştirak etdiyini bildirib.
Newsport.az saytının məlumatına görə, matçın hakiminin iştirakı ilə hər iki futbolçunun sənədləri yoxlanılmış və həqiqətən də hadisənin yuxarıda qeyd olunduğu kimi olduğu aşkarlanıb. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
“Mil-Muğan” klubu limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 1000 manat cərimə olunur. Matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalır. Vurulmuş qollar ləğv edilir (maddə 51.2).
“Mil-Muğan” klubunun baş məşqçisi Mətləb Məmmədovun saxtakarlığa yol verdiyinə görə 12 aylıq futbol fəaliyyətindən kənarlaşdırılır və klub 1000 manat cərimə olunur (maddə 45).