“Çelsi”nin hücumçusu Joao Pedro UEFA Çempionlar Liqasında “Qarabağ”la keçiriləcək oyunöncəsi fikirlərini bölüşüb.
Newsport.az xəbər verir ki, braziliyalı futbolçu İngiltərə Premyer Liqasının geridə qalan turunda “Tottenhem”lə matçda fərqlənməsinə münasibət bildirib.
Komandasına qələbə qazandıran yeganə qola imza atan Pedro uğurlu çıxışı davam etdirmək istədiyini deyib: “Tottenhem”lə oyunda qol vurmağa ehtiyacım var idi. Çünki uzun müddət idi ki, fərqlənə bilmirdim. Komanda məndən bunu gözləyir. Təbii ki, istər Çempionlar Liqası, istərsə də Premyer Liqa – qarşıdakı matçlarda da qol və məhsuldar ötürmələrlə komandama kömək etmək istəyirəm. Amma ilk növbədə yaxşı oynamalıyam. Yaxşı çıxış etsəm, qollar gələcək. Əsas qələbə qazanmaqdır. Qol məsələsinə soyuqqanlı yanaşıram”.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.