“Mançester Yunayted”in keçmiş futbolçusu və “İnter Mayami”nin sahibi Devid Bekhem Avropa Superliqasının yaradılmasına münasibət bildirib.
Newsport.az xəbər verir ki, 45 yaşlı sabiq yarımmüdafiəçi bu barədə özünün "İnstaqram" hesabında paylaşım edib. O, Avropa Superliqasının yaradılması fikrini tənqid edib:
“Mən futbolu sevən bir insanam. Futbol mənim həyatımdır. Uşaqlıqdan bir azarkeş kimi futbolu sevirəm və bu, indi də belədir. Bir oyunçu kimi və klub sahibi olaraq bilirəm ki, idman azarkeşsiz heç nədir. Ədalətli futbola və ləyaqət əsaslı rəqabətə ehtiyacımız var. Bu dəyərləri müdafiə etməsək, sevdiyiniz oyun təhlükə ilə üzləşəcək...”
Qeyd edək ki, 12 klub - "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem" birlikdə Avropa Superliqasını yaradıb. Prezident olaraq Florentino Peres, onun müavini kimi isə Andrea Anyelli müəyyənləşdirilib.