“Qrupda keçirəcəyimiz hər bir oyun bizim üçün əhəmiyyətlidir. Azərbaycan millisi Portuqaliya ilə matçda yaxşı oyun nümayiş etdirdi. Gənc və istedadlı futbolçulara malik olduqlarını bilirik. Xüsusən, fiziki cəhətdən daha yaxşı təsir bağışlayırlar. Ancaq hər oyunun ssenarisi eyni olmur".
Newsport.az-ın məlumatına görə, bu sözləri Qətər millisinin baş məşqçisi Feliks Sançez yığmamızla yoxlama oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
"Bizi çətin oyun gözləyir. Futbolçularımızı inkişaf etdirmək, yüksək səviyyəyə çatdırmaq üçün qrupda keçirəcəyimiz hər bir oyun bizə əlavə təcrübə qazandıracaq. Düşünürəm ki, ilk oyunda – Lülsemburq yığması ilə görüşdə futbolçularım çox yaxşı oynadılar. Yenə müdafiədə diqqətli olmalı, daha çox hücum futbolu nümayiş etdirməliyik. Sabah keçirəcəyimiz oyuna tam hazırıq. Bu cür oyunlar heyətdə eksperiment aparmaq baxımından da məşqçilər üçün bir fürsətdir” - deyə o bildirib.
Qeyd edək ki, martın 27-də Macarıstanın Debretsen şəhərindəki “Nadyerdei” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.