“Artıq futbolun özü unudulur”

İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının (PFA) baş direktoru Maheta Molanqo biznesmenlərin futbolu məhv etdiyini düşünür.

“Brayton”un sabiq hücumçusu hesab edir ki, futbolda əsas diqqət oyunun özündən uzaqlaşıb, maliyyə və nüfuz məsələlərinə yönəlib: “Sevdiyim, əvvəlcə futbolçu, sonra məsləhətçi, daha sonra klub rəhbəri olmağıma və bu gün PFA-ya rəhbərlik etməyimə səbəb olan oyun təhlükə altındadır. Çünki artıq futbolun özü unudulur. Son illərdə iştirak etdiyim görüşlərdə oyunun özündən başqa hər şeyin müzakirə olunduğunu görürəm. Düşünürəm ki, futbola düzgün məqsədlərlə gəlməyən insanlara qapılarımızı açmışıq. Onlar bu idmanı sevdikləri və inkişaf etdirmək istədikləri üçün deyil, burada pul və nüfuz gördükləri üçün gəliblər”.

PFA rəhbəri futbolun keyfiyyətinin aşağı düşməsinin bütövlükdə sənayeyə zərər vuracağını vurğulayıb. O, dünya çempionatının 64 komandalı formata keçirilməsi ideyasını da tənqid edib: “Əgər yaxşı oyunun, keyfiyyətli məhsulun yoxdursa, deməli, sənayen də yoxdur. Dünya çempionatının mahiyyətinə həqiqətən inanan kimsə 64 komandalı turnirin məntiqli olduğunu düşünə bilərmi? Onda bunu yay yoldaşlıq turniri adlandırmaq daha yaxşıdır. Bunun futbolu qlobal etmək üçün lazım olduğunu deyirlər, amma mən buna inanmıram. Bu, sadəcə olaraq, həqiqət deyil. Konqoda yaşayan insanların dünya çempionatına vəsiqənin onlara hədiyyə edilməsini istədiklərini düşünmək hörmətsizlikdir. Bizə güzəşt lazım deyil, imkan lazımdır. Dünya çempionatında iştirak etmək hüququnu özümüz qazanmaq istəyirik, bizə heç nəyi hədiyyə etməyin! Bizə nəsə verdiyiniz üçün sizə minnətdar olmalıymışıq kimi davranmayın!”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right