Avstraliya millisinin futbolçusu Kristian Volpato Sidneydə yol yoxlaması zamanı kokain testinin müsbət çıxmasından sonra cərimələnib.
Newsport.az xəbər verir ki, bu barədə "Asoşeyted Press" informasiya agentliyi məlumat yayıb.
Bildirilir ki, hadisə iyul ayında Anzak körpüsündə baş verib. Həmin vaxt o, sürət həddini aşdığı üçün saxlanılıb və 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Hadisə yerindəki ilk test və sonradan ikinci nümunənin laboratoriya analizi kokainin mövcudluğunu təsdiqləyib. Bundan sonra "Sassuolo"nun yarımmüdafiəçisi Avstraliya Futbol Federasiyasının nümayəndələri ilə əlaqə saxlayaraq, heç bir qadağan olunmuş maddəni heç vaxt şüurlu şəkildə qəbul etmədiyini və istifadə etmədiyini bəyan edib.
İtaliyaya qayıtdıqdan sonra oyunçu klubunun bazasında əlavə tibbi testlərdən keçib. Sonrakı bütün nəticələr mənfi çıxıb.
Ötən gün iş qəti olaraq bağlanıb və 722 Avstraliya dolları məbləğində inzibati cərimə ilə yekunlaşıb. Volpatonu növbəti cinayət təqibi gözləmir.
Qeyd edək ki, Kristian Sidneydə anadan olub və əvvəllər İtaliyanın gənclərdən ibarət yığmalarında çıxış edib. DÇ-2026 ərəfəsində o, idman vətəndaşlığını dəyişərək Avstraliya milli komandasını seçib və onun heyətində mundialda üç oyun keçirib.
Yekunda komanda 1/16 finala qədər irəliləyib. Orada avstraliyalılar penaltilər seriyasında Misirə məğlub olublar.