Dünya çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində iyunun 26-da keçirilməli olan Fransa - Norveç matçı hava şəraitinə görə təxirə salına bilər. Foksboro şəhərindəki "Gillette" stadionunda baş tutmalı olan oyun güclü ildırım və fırtına təhlükəsi ilə üz-üzədir.
Newsport.az xəbər verir ki, bu barədə Fransanın "Le Parisien" onlayn nəşri məlumat yayıb.
Bildirilir ki, ABŞ meteorologiya xidməti bu cümə günü oyunun keçiriləcəyi ərazidə potensial təhlükəli ildırım dalğasının yaxınlaşması ilə bağlı xəbərdarlıq edib. Mövcud təhlükəsizlik protokollarına əsasən qarşılaşma təxirə salına və ya dayandırıla bilər.
Xatırladaq ki, daha əvvəl Filadelfiyada keçirilən Fransa - İraq matçı da pis hava şəraiti səbəbindən bir neçə saat gec başlamışdı.