Joan Laporta “Barselona” klubundakı prezident seçkilərindəki qələbəsi ilə bağlı fikir bildirib.
“Üzvlərinin prezidentə səs verməyə davam etdiyi bu gözəl kluba minnətdaram – bu, unikal bir şeydir. Vətəndaş qürurunun və Barselona ruhunun bayramında səs verən bütün üzvlərə xüsusi təşəkkür edirəm”, – deyə “Mundo Deportivo”ya açıqlamasında Laportaqeyd edib.
O, həmçinin səsvermənin klubun birliyinə sadiqliyinin təsdiqi olduğunu vurğulayıb: “Klub üzvləri qarşıdurma deyil, birlik təklifinə səs veriblər. Bu, bizim gördüyümüz işin – “Kamp Nou”nun təmirinin və “Espai Barca” layihəsinin təsdiqidir”.
Yenidən seçilmiş prezident klubun maraqlarını müdafiə etməyə davam edəcəyinə söz verib.
“Bu inanılmaz nəticə bizə o qədər güc verəcək ki, heç nə bizi dayandıra bilməyəcək. Nə olursa olsun, “Barselona”nı müdafiə etməyə davam edəcəyik”, – deyə o əlavə edib.
Xatırladaq ki, Laporta səslərin 68,18 faizini (32.934) toplayaraq, yeganə rəqibi, 29,78 faizi (14.385) səs toplayan Viktor Fontu məğlub edib.
63 yaşlı Laporta 2021-ci ildən bəri “Barselona”nın prezidentidir. O, əvvəllər kluba 2003-cü ildən 2010-cu ilə qədər rəhbərlik edib. Bu dövrlərdə onun rəhbərliyi altında komanda altı İspaniya çempionluğu, üç İspaniya Kuboku, iki Çempionlar Liqası, həmçinin bir UEFA Super Kuboku və FIFA Klublararası Dünya Kubokunu qazanıb.