Karatenin kumite növündəki təmsilçimiz Rafael Ağayev (75 kq) Tokio-2020-də mübarizəyə qoşulub. 5 qat dünya, 11 qat Avropa çempionu B qrupunda yarışıb. Newsport.az xəbər verir ki, Ağayev ilk görüşdə Noa Bitçlə (Almaniya) qarşılaşıb. 36 yaşlı karateçimiz 2:1 hesabı ilə qələbə qazanıb.
Ağayevin sonrakı rəqibi Tsuneari Yahiro (Avstraliya) olub. O, çətinlik çəkmədən növbəti qalibiyyəti aktivinə yazdırıb - 5:0.
Ardınca Rafael Nurkanat Ajiqanovla (Qazaxıstan) qarşılaşıb. Bu səfər də qalibiyyətə sevinən tərəf təmsilçimiz olub. Ağayev 3:2 hesabı ilə qələbə qazanıb. Bununla da o, dördüncü görüşün nəticəsindən asılı olmayaraq yarımfinala vəsiqəni və minimum bürünc medalı özünə təmin edib.
Qrup mərhələsinin sonuncu döyüşündə Rafael məğlubiyyətlə üzləşib. Təcrübəli idmançımız Luici Busaya (İtaliya) uduzub - 1:3. Beləliklə, keçirdiyi dörd görüşün üçündən qalib ayrılan Ağayev B qrupunu Luici Busanın ardınca ikinci sırada tamamlayıb.
Rafael yarımfinalda A qrupunun lideri Qabor Harspataki (Macarıstan) ilə qarşılaşıb. Döyüş "karatenin brilliantı"nın aşkar üstünlüyü şəraitində keçib. Nəticədə Ağayev rəqibini 7:0 hesabı ilə məğlub edərək finala çıxıb. Onun finaldakı rəqibi Luici Busa (İtaliya) - Stanislav Horuna (Ukrayna) görüşünün qalibi olacaq.
Tokio-2020
Kumite, 75 kq
B qrupu
Rafael Ağayev (Azərbaycan) - Noa Bitç (Almaniya) - 2:1
Rafael Ağayev (Azərbaycan) - Tsuneari Yahiro (Avstraliya) - 5:0
Rafael Ağayev (Azərbaycan) - Nurkanat Ajiqanov (Qazaxıstan) - 3:2
Rafael Ağayev (Azərbaycan) - Luici Busa (İtaliya) - 1:3
Yarımfinal
Rafael Ağayev (Azərbaycan) - Qabor Harspataki (Macarıstan) - 7:0
Final
Rafael Ağayev (Azərbaycan) - Luici Busa (İtaliya) / Stanislav Horuna (Ukrayna) görüşünün qalibi