Turində start götürəcək tennis üzrə ilin yekun turnirinin püşkü atılıb. Onun nəticəsinə görə, Konnors adlanan qrupda Karlos Alkaras (İspaniya), Novak Cokoviç (Serbiya), Teylor Fritz (ABŞ) və Aleks de Minaur (Avstraliya) yer alıb. Borq qrupunda isə Yannik Sinner (İtaliya), Aleksandr Zverev (Almaniya), Ben Şelton (ABŞ) və reytinqdə səkkizinci sırada yer alacaq tennisçi mübarizə aparacaq. Hələlik bu yerə Lorenzo Muzetti və Feliks Ojye-Aliassim iddialıdır.
Xatırladaq ki, turnirin qaydaları dəyişməz olaraq qalır. Bütün iştirakçılar hər biri dörd oyunçudan ibarət iki qrupa bölünüblər və hər qrupdan ilk iki yeri tutan oyunçu yarımfinala yüksələcək. Həmin matçların qalibləri finalda qarşılaşacaqlar. Turnirdə maksimum 1500 xal qazanmaq olar: hər qrup qələbəsi üçün 200, yarımfinal qələbəsi üçün 400 və finalda qələbəyə görə 500 xal.
Maraqlıdır ki, turnirin yekunlarına görə ili dünya reytinqində lider kimi tamamlayacaq tennisçi də müəyyənləşəcək. Cüzi fərqlə öndə olan Sinner liderliyini qorumaq üçün mütləq titul qazanmalıdır. Lakin bu da ona kifayət etməyə bilər. O, həm də həm də rəqibinin uğursuzluğuna ümid etməlidir. Alkaras turnirdə 3 oyunda qələbə qazanarsa, ili lider kimi tamamlayacaq.