Filip Ozobiç: "Azərbaycan millisini seçdiyim üçün peşman deyiləm"

Qış fasiləsi zamanı ölkəsi Xorvatiyada istirahət edən “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç yerli mətbuata maraqlı müsahibə verib.

Newsport.az saytının məlumatına görə, yeni ili Zadarda sevgilisi Niveslə birlikdə qarşılayan Azərbaycan millisinin üzvü ölkəmiz və klubu barədə müsbət fikirlər səsləndirib.

- “Hayduk” azarkeşləri sizi bura qayıtmağa razı sala bildilər?
- Bir neçəsi mənə dedi ki, yenidən “ağ-qaralar”da oynamalıyam. Amma daha il yarımlıq müqaviləm olduğunu bildirdim. “Qarabağ”dan razıyam. “Hayduk”un yaxşı mövsüm keçirməsinə şadam və ümid edirəm ki, sona qədər davam edəcək.

- Bakıda ulduz kimi şəhərdə rahat gəzə bilirsiniz?
- Şəhərə çıxanda insanlar məni tanıyır, amma tez-tez yaxınlaşmırlar. Hərdən kimsə şəkil çəkdirmək istəyir. Futbolu izləyən adam kimin harada oynadığını bilir. Amma Splitdəki kimi eyforiya yoxdur.

- Deməli, Marko Livaya qədər tanınmış deyilsiniz?
- Təsadüf deyil, bu baxımdan mən Livayanın heç on faizi də deyiləm. Orada futbolçulara belə pərəstiş etmək vərdişləri yoxdur. Splitdə baş verənlər, həqiqətən də, heç yerdə yoxdur.

- Azərbaycan yığmasını seçdiyiniz üçün peşman deyilsiniz?
- Azərbaycan yığmasında oynamaq qərarına gəldiyim üçün peşman deyiləm. Bilirdim ki, Xorvatiya millisindən mənə zəng etməyəcəklər. İmkan varsa, niyə kömək etməyək.

- Azarkeşlər sizi öz millilərinin forması altında dəstəkləyirlər?
- Mənə mahnı oxuyurlar. Azərbaycan dilində oxuduqları üçün başa düşmürəm. Mən o dili yaxşı bilmirəm, yalnız sol, sağ, daha yavaş, daha sürətli... Səbəb odur ki, hamı rus dilində danışır, ona görə də öyrənməyə ehtiyac duymadım. Rus dilini daha əvvəl Moskva “Spartak”ında olarkən mənimsəmişdim.

- Dünya çempionatının seçmə mərhələsində cəmi 1 xalla sonuncu yeri tutdunuz...
- Beş komandadan ibarət qrupumuz var idi. Bundan pis olsaydı belə, daha çox xal toplayardıq. Azərbaycanda bir növ nəsil dəyişikliyi yaşanır, italyan baş məşqçi Canni de Byazi yeni komanda formalaşdırır. Millətlər Liqasında daha yaxşı olacağımıza inanıram. Komanda yeni qurulur. Bəzi oyunçular getdi.

- Millətlər Liqasındakı rəqiblər Slovakiya, Belarus və Qazaxıstan-Moldova cütünün qalibidir. Qrupda birinci yeri tutmaq arzunuz var?
- Slovakiya kağız üzərində əsas favoritdir, bunu etiraf etməliyik. Təcrübələri, güclü liqalardan keyfiyyətli oyunçuları var. Xorvatiya ilə matçlarda təhlükəli və yaxşı olduqları görünürdü. Təəccübləndirmək istəyirik, amma özümüzə birincilik məcburiyyəti qoymuruq. Seçmə mərhələlərdən daha çox xal qazanmalıyıq.

- Azərbaycan yığmasında oynayacağınızı deyəndə ailəniz necə qarşıladı?
- Hamı məni dəstəklədi. Qərarlarıma hörmət edirlər. Təkcə ailə üzvlərim deyil, həm də dostlarım matçlara baxırlar.

- Robert Prosineçki və Nikola Yurçeviç Azərbaycan millisini çalışdırıb. Bu gün hansına daha çox dəyər verirlər?
- Hər ikisini yüksək qiymətləndirirlər, hər birinin öz şəraiti var idi ki, bacardığı qədər etdi. Robert orada hələ də təriflənir, çox yaxşı iz buraxdı.

- Hazırda Azərbaycanda nə qədər xorvat var?
- “Sabah”da ancaq Şpiro Periçiç oynayır. Məndən başqa yalnız o orada oynayır.

- Ötən mövsüm “Neftçi” sizi üstələyərək çempion oldu, bu mövsüm isə lidersiniz...
- Çempionatda birinciyik, indi mövsümün ikinci yarısının daha uğurlu keçməsi üçün yaxşı hazırlaşmalıyıq.

- Xorvatiyalı futbolçu Duje Kaleta-Kar “Marsel”də qalsa, Konfrans Liqasının pley-off mərhələsində rəqib olacaqsınız...
- Görüşməmişik, amma yəqin ki, indi şansımız olacaq. O, məndən beş yaş kiçikdir. “Marsel” böyük klubdur. Bununla belə, bizim də gözəl komandamız, bir sıra yaxşı oyunçularımız var. Bizə qarşı oyun onlar üçün asan olmayacaq. Bu, “Qarabağ”ın avrokuboklarda yarışdığı müddətdə ən yaxşı nəticəsidir. Komanda Çempionlar Liqası və Avropa Liqasının qrupunda oynayıb, amma ilk dəfə daha irəli getdi.

- “Marsel” cütlüyün aşkar favoritidir...
- Əlbəttə, belədir. Amma iki oyunda üz-üzə gəldiyin zaman hər şey ola bilər.

- “Qarabağ”ın karyeranızın zirvəsi olduğu qənaətindəsiniz. Hazırda isə yaşınız 30-dur. Başqa ambisiyalarınız var?
- Görək bundan sonrası necə olacaq. Mənim üçün ən vacibi sağlam olmaq, yaxşı oynamaqdır. Qalanı özü gələcək. Karyeram boyu çox zədə almışam, amma uğurlu işlər də görmüşəm. Xorvatiyada insanlar “Qarabağ”ı yaxşı tanımırlar. Lakin bu, əla və intizamlı klubdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right