“Aberdin”in baş məşqçisi Stiven Qlass Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a 1:3 hesabı ilə məğlub olduqları görüşdən sonra danışıb.
Newsport.az xəbər verir ki, o, Ağdam klubunun səviyyəsi barədə fikirlərini bildirib: "Bu, ağır, amma əsl dərs oldu. İnanıram ki, komandam özünə gələcək. Əgər biz yenidən bu vəziyyətə düşsək, daha yaxşı hazırlaşacağıq. “Qarabağ”ın bizdən üstün olduğunu demək ayıb deyil. Qarşımızda işləməkdən yorulmayan komanda gördük. "Qarabağ"ın yüksək səviyyəli oyunuları bizi cəzalandırdı. Hərdən-bir biz topu asanlıqla rəqibə verirdik. Ancaq yaxşı komandalar sizi buna məcbur edir. Əslində uşaqlar “Haken” və “Breydablik” komandalarına qarşı əzmkar görünürdü".
Qlass komandasının "Qarabağ" kimi oynamasını istədiyini də gizlətməyib: "Bu mərhələyə gəlmək üçün hər şeyi etmişdik. İndi oyunçularım əsl peşəkar komandaya qarşı necə oynamaq lazım olduğunu biləcək. Həmin səviyyəyə çatmaq üçün çalışacağıq. “Qarabağ”ın bizə qarşı etdiklərini, Şotlandiyada bəzi komandalara qarşı edə bilərik”.