Konfrans Liqasının III təsnifat mərhələsində keçirilən “Qarabağ” – AEL (Limassol, Kipr) matçından (1:0) sonra təşkil edilən mətbuat konfransında Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
O, əvvəlcə matç barədə fikirlərini bildirdi...
- Futbolçularımı təbrik edirəm. Son vaxtlar stadionda belə bir ab-hava yox idi. Bunun üçün darıxmışdıq. Şükürlər olsun, hər şey bizim tərəfimizdə idi. Vacib qələbə idi. Yaxşı komandaya qarşı oynadıq. Bəzi səhvləri bu gün təkrarlamadıq. Rəqibin özünəməxsus oyun üslubu var idi. İLk matçdakı hücumların 1-2-si keçdi, ancaq çox imkan vermədik. Topla oynamaq çətin idi. Rəqib ciddi yanaşırdı, meydança da istədiyimiz kimi deyildi. Ancaq şərtlər hər iki tərəf üçün eyni idi. Futbolçualr diqqətli oynadılar. Onların meydandakı davranışından, yaxşı mənada döyüşməsindən çox razı qaldım. Bu gün səbr çox vacib idi. Bir daha göründü ki, futbolu sona kimi oynamaq lazımdı. Vaxtımız azdı. 3 gün sonra çempionat başlayır, yenə avrokubok oyunlarımız olacaq. Hazırlaşmağa çalışacağıq.
- Meydança amilinin sizə problem yaratdığını söylədiz. Növbəti matçı başqa meydançada keçirmək üçün müraciət etmək olarmı?
- İstəsək də, alınmaya bilər. Vaxt çox azdı. Müraciətdən sonra minimum 2-3 gün vaxt lazım olacaq ki, əvvəlcə müraciəti qəbul etsinlər. Sonra nümayəndə baxmalıdı və s. Tez bir zamanda oynamalıyıq. Meydança amilini düşünərək hazırlaşmalıyıq.
- “Qarabağ” son 15 dəqiqədə daha çox kəskin hücumlar qururdu. Bu da Kadinin Ozobiçi əvəzləməsindən sonra baş verdi....
- İlk oyundan əvvəl də rəqib baş məşqçi Ozobiç barədə müsbət fikirlər səsləndirmişdi. İlk hissədə pis oynamadı. İki gün öncəki məşqi buraxmışdı. Ola bilər ki, meydançanın da təsiri oldu. Oyunda belə dəyişikliklər olur. Bəzən belə oyunlarda sonradan meydana çıxan futbolçuların oyunu həlledici olur.
- Bu qələbənin mənəvi tərəfi barədə nə deyə bilərsiz?
- Hər iki tərəfdən vacib qələbədi. Ətrafda oyunun müzakirəsinin çox olması üçün bəzən mənəvi tərəfi də təsir edir.
- Azarkeşlər qoldan sonra qadağan olunmuş maddələrdən istifadə etdilər və buna görə klub cərimə olunacaq. Bu qələbəyə dəyərmi?
- Dəyərmiş. Məncə, rəhbərlik bundan narazılıq etməz. Bəzi şeylər var ki, futbolu gözəlləşdirir. Belə şeyləri görəndə canlı futbolun nə olduğunu daha artıq hiss edirsən.
- İlk matçdan sonra bu gün rəqibə qarşı şəxsi qıcıq var idi? Çoxdandı sizi elə görmürdük...
- Belə sərt reaksiya verdiyim vaxtlar olub. Ümumən, bəli, daha hiddətlə qələbə istəyirdim. Ancaq həmişə rəqibə hörmətlə yanaşmışam. Azarkeşlərin hərəkətinə görə yox, komandanın özünə görə qələbə qazanmaq istəyirdim. AEL-ə qarşı oynamaq mənim üçün maraqlı idi. İlk oyundan öncə də bunu bildirmişdim. Ona görə içimdə o hirs var idi. Düşüncəli komanda görəndə onu üstələməyi istəyirsən. Azarkeş təxribatı həmişə olub, olur.
- Azərbaycansayağı küncdən zərbə sizin planlarınızda yoxdu?
- Bunu rəqibə uyğun edirik. Bu gün fərqli ev tapşırıqları var idi. Hər rəqib fərqli müdafiə olunur. Bəlkə də, daha vacib oyunlarda bundan istifadə edəcəyik.
- Həm çempionatda, həm avrokubokda mübarizə aparmaq komanda üçün çətin olmayacaq ki?
- Ola bilər. Hazırda bu, daha çox hiss olunacaq. Həm komanda tam formalaşmayıb, həm zədəlilərimiz var. Qarşıda milli komandanın oyunları olacaq. Ağır dövr olacaq. Bunun qarşısını almaq üçün futbolçularımızın sayının artmasını istəyirik.
- Tahir Gözəl bildirdi ki, yeni hücumçuya ehtiyac var. Artıq istədiyini forvardı tapmısızmı?
- Mütləq bu barədə düşünürəm. Sadəcə meydana buraxılanlar vacib deyil. Eyni səviyyədə futbolçularımızın çox olması komandaya bütünlüklə müsbət təsir edir, bu, məşqlərdə də hiss olunur. Heyətimizin geniş olmasını istəyirik.
- Meydanda çox gərgin mübarizə var idi. Bunu ilk oyunda baş verənlərin futbolçulara təsiri ilə əlaqələndirmək olarmı?
- Bəzən belə oyunlar prinsipiallıq baxımından futbolçuların daha əzmkar olmasına yol açır. Son vaxtlar əzmkarlıq baxımından futbolçulardan razıyam. Çətin anlarda özlərini idarə edə bilirlər və mübarizədən çəkinmirlər. Mübariz olmasan, uğur qazana bilməzsən. Xüsusən də, şanlı qalibiyyətimizdən, torpaqlarımızı işğaldan azad etdikdən sonra başqa yolumuz yoxdu. Futbolçular bundan sonra daha da döyüşçü ruhda mübarizə aparacaqlar.
- Böyük ehtimalla növbəti rəqibiniz "Aberdin" olacaq. Bu komanda barədə nə düşünürsüz...
- Hələ rəqibin oyununa baxmamışam. Bu barədı düşünməmişəm də. Həmişə qarşıdakı oyuna köklənirik. Bundan sonra npvbəti rəqib barədə düşünəcəyik.
- "Neftçi" Avropa Liqasında mübarizəni dayandırdı və Konfrans Liqasına düşdü...
- "Neftçi"yə uğurlar arzulayıram. Çox yaxşı olardı ki, hər iki komanda qrup mərhələsində oynasın. Bu, azarkeşlər üçün də, ümumən Azərbaycan futbolu üçün də, təcrübə üçün də yaxşı olardı. Bilmədiklərimiz bildiklıərimizdən daha çoxdu. Nə qədər fərqli-fərqşi komandalara, məşqilərə qaşrı oynasaq, inkişafımız üçün daha yaxşı olar. "Neftçi"yə də inanıram, güvənirəm.