“İki il əvvəl bir mövsüm ərzində dörd dəfə “Qarabağ”a qarşı oynamaq imkanım olub. Rəqib çox yaxşı komandadır və Kiprlə müqayisədə heyəti bahalı oyunçulardan təşkil olunub”. Newsport.az xəbər verir ki, bunu Kipr millisinin sabiq futbolçusu Qiorqos Merkis deyib.
“Qarabağ” Konfrans Liqasının III təsnifat mərhələsində sabah AEL-lə qarşılaşacaq. Yaxın keçmişdə APOEL-in formasını geyinmiş Merkis bu qarşılaşma öncəsi AEL-ə tövsiyələrini verib.
"Sport" radiosuna danışan Merkis "Qarabağ"ın Avropa təcrübəsinə, heyətinin zənginliyinə diqqət çəkib və AEL-i ehtiyatı əldən verməməyə çağırıb. O, Türkiyə-Kipr münasibətlərinin oyuna əlavə təsiri olacağını bildirib və bu tip görüşlərdə Azərbaycanda fərqli atmosfer olduğunu iddia edib.
“Təbii ki, futbolu pul oynamır. Sadəcə, demək istədiyim odur ki, onlar futbola investisiya qoyurlar, yaxşı meydançaları var və bizlə (APOEL) oyuna kimi olan periodda uzun müddət idi uduzmurdular. AEL çox diqqətli olmalıdı. "Qarabağ"ın Avropa təcrübəsi var və onlar bu oyunu cəsarət nümayişi kimi görəcəklər” – deyə, Merkis bildirib.
Onun sözlərinə görə, "Qarabağ"ın oyunçuları peşəkardı və bu səbəbdən təmkinli olmaq, meydanda maksimumu ortaya qoymaq lazımdı: “Duşan Kerkez (AEL-in baş məşqçisi) ciddi işlərə imza atır və bu sayədə AEL "Qarabağ" səddini də aşa bilər”.