Bu gün UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün final oyunu keçirilib.
Newsport.az-ın məlumatına görə, Türkiyənin İstanbul şəhərində keçirilən həlledici matçda İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları qarşılaşıb.
Atatürk Olimpiya Stadionundakı qarşılaşmanı polşalı FİFA referisi Şimon Marçinyak idarə edib.
Çempionlar Liqasında ikinci dəfə finala yüksələn “Mançester Siti” hələ ki, bu turnirdə qalib olmamışdı. “İnter” isə ÇL-də keçirdiyi 6 final görüşünün yarısında qələbə qazanmışdı.
Bu finalda isə sevinən tərəf Mançester təmsilçisi olub. Nəticədə bu komanda həm ilk dəfə ÇL-i qazanıb, həm də treblə imza atıb. Mançesterlilər bu mövsüm İngiltərə Premyer Liqasının və kubokunun da qalibi olmuşdular.
UEFA Çempionlar Liqası, final
10 iyun
Mançester Siti (İngiltərə) – İnter (İtaliya) 1:0
Qol: Rodri, 68.
Baş hakim: Şimon Marçinyak (Polşa)
İstanbul, Atatürk Olimpiya Stadionu