Qurban Qurbanov: "Səfərə böyük inamla gedirik"

"Qarabağ" UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda Çexiyanın "Viktoriya" klubu ilə 0:0 hesablı heç-heçə edib.

Newsport.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Gərgin oyun oldu. Hər iki komandada həyəcan var idi. Amma düşünürəm ki, bu, olmalıydı. Çünki hər iki komanda bir-birini tam yaxından tanımırdı. Nə qədər biz TV vasitəsilə baxsaq da, rəqibi canlı hiss etmək başqadı. Çox intizamlı komandaya qarşı oynayırdıq. Müdafiədə birəbir oynamaqdan həzz alan komandadı. Buna baxmayaraq 3-4 yüz faizlik qol imkanlarımız oldu. Düşünülmüş hücumlar etdik. Futbolçulara çox səbrli olmağı tapşırmışdım və bunu gördüm. Rəqib həqiqətən də fiziki cəhətdən güclü idi. Həm əks-hücumlarda, həm dəm standart vəziyyətlərdə təhlükəli idilər. Buna baxmayaraq, müdafiədə düzgün oynamağı bacardılar. Qalır ikinci hissə. Çalışacağıq ki, cavab matçında daha güc sərf edək. Razı qaldım oyunçulardan. Neçə illərdi ÇL-də oynamırdılar. Ən böyük təcrübə, inam qazandılar. Azarkeşlərə təşəkkür edirəm.

- Hələ də Çexiya komandalarına qalib gəlməmişik. Sizcə, başqa cür oynamalıyıq?

- Daim futbolçularımdan və özümdən tələb edirəm ki, nəyi yaxşı bacarırıqsa, onu daha da yaxşılaşdıraq. Eyni heyəti görə bilərsiz, amma elə detallar var ki, görünmür bəzi oyunlarda. Hər rəqibə qarşı 1-2 əlavə bəzi kombinasiyalarımız olur, ondan istifadə edirik. Bəzi taktiki gedişlər var. Amma nəyi yaxşı bacarırıqsa, maksimum istifadə edəcəyik. Oyunu analiz etdikdən sonra, boşluqlar, çatışmazlıqlar var idi, aradan qaldırmaq üçün hər şey edəcəyik.

- Tahir Gözəl dedi ki, qrupa düşəcəyimizə 80 faiz inanıram. Siz nə dərəcədə inanırsınız?

- Oyundan sonra bildirdim ki, səfərə böyük inamla gedirik. Şansımız varsa, bundan istifafə edəcəyik. Biz müdafiədə oturmağa getmirik. Çalışacağıq ki, maksimum hücum edək. Əlbəttə ki, rəqib buna nə qədər imkan verir, o da var. 9 nəfər birəbir oyunçularımızla oynadılar. Buna baxmayaraq futbolçularım səbrlə öz epizodlarını göstərdilər. Çox yaxşı epziodlarımız var idi. Qapıçıları yaxşı oynadı. Səfərə ümidlə, inamla gedirik. Qarşıdakı günlərdə rəqibi daha yaxından tanıyacağıq.

- Rəqib bizi yaxşı analiz etmişdi? Çünki bəzi epizodlarda rəqibə uduzurduq...

- Hər rəqibin üstün cəhəti var. Nədəsə rəqibə uduzurduqsa, rəqib də başqa epizodlarda bizə uduzurdu. Bu, futbolun qanunlarıdı. Çox böyük, zəngin təcrübəyə malik komandaya qaşrı oynayırdıq. Çexiya futbolu böyük təcrübəyə sahibdi. Bizə ciddi yanaşırlar. "Qarabağ"dan ehtiyatlanırlar. Meydanboyu futbolçularıma qarşı birəbir oynamağı tapşırırlar. Bu, futbolda nadir hallarda görünən bir şeydi. Ona görə futbolçularımla qürur duyuram. Dedim, düşünməyin bu, onların sırf oyun stilidi. Bizə qarşı başqa oyun qura bilərdilər. Amma ehtiyatlanıram. Belə oyunlarda futbolçularımın böyüməsini görürəm. Qarşıdakı oyunda daha çox bizə böyümək və daha çox düşünmək lazım olacaq. Boşluqlar həmişə olur. Bunu normal qarşılayıram. Futbolçular bunu başa düşür və gələn oyunda daha yaxşı olmağa çalışırlar.

- Sizin analiz etdiyiniz "Viktoriya" ilə meydandakı arasında fərq çox idi?

- Çox olduğunu deməzdim. Etdiklərini daha çox etdilər, daha çox dözdülər. Birinci hissəsinin sonuna yaxın çatdırmadılar. Daha çox gözləyirdim ki, komanda ikinci hissənin ortalarından sonra əvvəlki oyunu göstərə bilməsin, amma sona qədər dözdülər. Sona yaxın bir neçə qol epizodumuz oldu. Amma dediyim kimi, düşündüyümdən də bərk komanda gördüm. Əlavələr etməyə materialımız oldu.

- Oyundan əvvəl bilet satışında problem yaşandı. Bununla bağlı fikriniz necədi?

- Heç bir fikrim yoxdu. Biletlərlə problemlər həmişə yaşanıb. 32 min azarkeşə və ondan əlavə olanlara daim nəzarət edə bilmərik. Problem nədədir, bilmirəm. Amma stadion dolu idi və biletlər satılmışdı. Kimsə gecikmişdisə, başqa məsələ. Bu, çox da böyüdüləsi məsələ deyil. Sadəcə olaraq, həm onlayn satılır, həm kassalarda olur. Yerləri də bəllidi. Çox istəyərdim ki, hamı stadionda olsun. Əfsuslar olsun ki, 32 mindən artıq azarkeş stadiona girə bilmirdi. Hər hansı qüsurlar olubsa, üzrlü saysınlar. Bir şeyi bilsinlər ki, mən və futbolçular, klub rəhbərliyi, biz çalışmışıq azarkeşlərimiz razı qalsın, onları sevindirək. Texniki qüsurlar olacaqsa, bizdən asılı olmaz.

- Futbolçularda qəribə çaşqınlıq var idi sanki...

- Rəqib nə qədər oynamağa imkan verirsə, biz ondan artığını edə bilmirik. Digər tərəfdən bu komandanın ilk məqsədi rəqibi topsuz oynamağa qoymamaqdı. Zubir sol cinahda oynayırsa, oradan orta sahəyə gəlir, sağ cinaha gedirsə, onunla oynayan rəqib də onunla gedir. Yaxud da Kadi, Ramil... Digər zonaya gəlirdisə, onlar da gəlirdi. Belə epizodlarda top maraqlandırmır, oyunçu maraqlandırır. Get-gedə daha gücü komandalara qarşı oynayırıq. Bu komandaya qarşı 3-4 real qol epizodumuz oldusa, yenə də meydanda nəyisə düzgün etmişdik. Bir oyunçu ilboyu tam sağlam ola bilməz, tam gözlədiyimiz oyunu oynaya bilməz. Rəqiblər fərqlidi, turnirlər fərqlidi. Asan turnir deyil. Özü də pley-off mərhələsi. Gərginlik daha çox olur. Futbolçu və məşqçi səhv etməkdən ehtiyatlanır. Biz zəif deyildik, rəqib bəzi epizodlarda daha diqqətliydi.

- Musa Qurbanlı özünü doğrultmağa başlayıb. Onun zamanı nə vaxt çatacaq ki, avrokuboklarda oynasın?

- Mənim üçün ağır suallardan biridi. Cavab vermək üçün çətin suallardı. Məncə, tələsmək lazım deyil. Əgər Musa və digər iki eyni səviyyəli oyunçu varsa, hardasa digərinə üstünlük verəcəm. Amma Musa tam üstündürsə, qarşısını ala bilmərəm. Hələ cavandı, zamanı olacaq. Tam hazır olanda, yaxud da biz görəndə ki, tam hazırdı, mütləq istifadə edəcəyik. Əfsuslar olsun ki, meydana 11 nəfər çıxır. Tələsmək lazım deyil. Hər futbolçunun öz zamanı var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right