Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya" təlim məşq toplanışı üçün Dubaya yollanacaq oyunçuların siyahısını açıqlayıb.
Newsport.az xəbər verir ki, siyahıda 24 yaşlı hücumçumuz da yer alıb. Lakin Mahirin adı sadəcə formal olaraq hazırlıq prosesində iştirak edəcək oyunçular arasında göstərilib. Oyunçu toplanışa qatılmayacaq.
"Legiya" Mahirin kluba ayrılmaq istədiyini bildirən məktub göndərməsindən sonra onun Dubay toplanışına gəlməsini gözləmir. Polşa mətbuatı yazır ki, futbolçu düşərgəyə qatılmasa, onunla bağlı sərt cəza tədbiri görmək üçün əsaslı səbəb olacaq.
Həmçinin bildirilib ki, zədədən əziyyət çəkən Bartoş Kapustka və Joel Abu Hanna yanvarın 14-də təlim-məşq toplanışına qoşulacaq. Bundan başqa, 5 oyunçunun koronavirusa yoluxduğu üçün təcrid olunduğu bildirilib.
Xatırladaq ki, Mahirin Polşa təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.