“Veteranlar İttifaqının sədri kimi həmişə yığmada yerli məşqçilərin işləməsinin tərəfdarı olmuşam”.
Newsport.az xəbər verir ki, bunu “Football-plus.az” syatına açıqlamasında Oqtay Abdullayev söylədi.
Redaksiyamızla əlaqə saxlayan Abdullayev bu günlərdə mətbuatda gedən “Elxan Məmmədovla görüşdü, Tərlan Əhmədovun xahişini etdi - Millidə iş verin, danışmasın” başlıqlı yazıya münasibət bildirmək istədiyini söylədi:
“Əvvəlcə onu bildirim ki, yığmaya baş məşqçi təyinatı ilə bağlı heç vaxt veteranların fikirini öyrənməyiblər. O ki qaldı mənim Elxan Məmmədovdan Tərlan Əhmədovla bağlı xahiş etməyimə, bu, heç bir əsası olmayan xəbərdi. Bu yazını yazan jurnalist görəsən, hansı qaynaqlara əsaslanıb? Mənim üçün yığmanı hansı yerli mütəxəssisin çalışdırması çox da maraqlı deyil. Əsas odu ki, “sükan arxasında” futbolumuzu yaxından tanıyan, oyunçularımızın potensialına bələd olan, yerli mentallığı bilən yerlilərdən biri olsun. Bizdə bu gün ölkənin əsas komandasını çalışdırmağa layiq mütəxəssislər var.
Elə Tərlan Əhmədovun, Yunis Hüseynovun, Ramiz Məmmədovun, Mahmud Qurbanovun adını çəkə bilərəm. Qeyd etdiklərim əsas komanda ilə yanaşı, U-21 və müxtəlif yaş qrupu üzrə yığmalarda uğurla işləyə bilərlər. Özüm bilərəkdən Qurban Qurbanovun adını çəkmədim. Onun nəyə qadir olduğunu təkrar söyləməyə ehtiyac yoxdu. Qurban müəllim “Qarabağ”da gördüyü işlərlə “1 nömrə” olduğunu hamıya sübut edib. Ancaq yenə təkrarlamaq istəyirəm ki, mən AFFA-nın icraçı vitse-prezidentindən kiməsə görəsə xahiş etməmişəm. Fikrimcə, buna heç ehtiyac da yoxdu”.
Bir neçə gün öncə yığmanın və “Qarabağ”ın qolkiperi Şahruddin Məhəmmədəliyev mətbuata açıqlamasında “yığmanı bu vəziyyətdən yalnız Rəşad Sadıqov çıxara bilər” söyləmişdi. Veteranlar İttifaqının sədri bizimlə söhbətdə bu məsələyə də münasibət bildirdi:
“Rəşad Sadıqova futbolçu kimi necə hörmətin var idisə, məşqçi kimi də bəyənirəm. “Zirə”də gördüyü işlər göz qabağındadı. Futbolçu Sadıqov meydanda lider olduğu kimi, bu gün texniki zonada da bu keyfiyyətini göstərir, yetirmələrini inamla irəli aparır. Onun yığmaya başçılıq etməsi məqsədəuyğun olardı. Rəşadın yığmanın “sükanı arxasına” gətirilməsinə ancaq sevinə bilərəm. Bəziləri deyir ki, veteranlar Rəşadın təcrübəsizliyini qabardıb, onun milliyə gəlməsinin əleyhinədi. Əslində belə deyil. Bu fikri səsləndirənlərə demək istəyirəm ki, bütün veteranların adından danışmasınlar. Fikrimcə, Sadıqov adını çəkdiyim yerli məşqçilər kimi ölkənin əsas komandasını çalışdırmağa layiq mütəxəssisdi”.