U-21 millimizin sabiq üzvü Ozan Can Kökçü Azərbaycanın əsas millisində oynamaq təklifini qəbul etməyib.
Newsport.az-ın məlumatına görə, bunu onun qardaşı Orkun Can Kökçü Türkiyə Futbol Federasiyasının rəsmi saytına müsahibəsində deyib.
O, AFFA-nın qardaşına Azərbaycanın A millisində oynamağı təklif etdiyini, ancaq Ozan Canın Türkiyə millisində çıxış etmək istədiyini bildirib: "Qardaşım Azərbaycanın U-21 yığmasında oynadı. Amma indi orda çıxış etmir. Türkiyə milli komandasına dəvət olunmaq ehtimalı olduğuna görə Azərbaycandan imtina etdi deyə bilərəm. “Sabah”da çıxış edərkən U-21-ə çağırdılar. Qısa zamanda pasport verdilər. Qardaşım həm də Azərbaycan vətəndaşıdır. Azərbaycan milli komandası onu istəyir, amma Türkiyədən təklif gələr deyə hələ bunu qəbul etməyib. 1998-ci il təvəllüdlüdür. Hücumun cinahlarında və pleymeyker mövqeyində çıxış edə bilir".
Qeyd edək ki, Ozan Can Kökçü 2017-2020-ci illərdə U-21 yığmamızda çıxış edib və 17 qarşılaşmada 2 qol vurub. O, hazırda Niderlandın "Telstar" klubunda oynayır.