Azərbaycanda futbol matçlarında tətbiq edilən su fasiləsinin müddəti bir dəqiqəyə endirilib və verilmə qaydası dəyişdirilib.
Newsport.az xəbər verir ki, bunu AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov deyib.
O, bundan sonra qərarın hakimlər tərəfindən deyil, oyun öncəsi AFFA nümayəndəsi tərəfindən veriləcəyini bildirib. Belə ki, oyundan öncə AFFA nümayəndəsi hər iki komandaya fasilədən istifadə olunacağı barədə məlumat verməlidir. Yalnız bundan sonra bir dəqiqəlik su fasiləsi elan olunacaq.
Komitə sədri fasilənin hava şəraitindən asılı olaraq müəyyənləşdirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, normalda havanın temperaturu 32 dərəcəyə çatdıqda su fasiləsi verilir. Lakin avqustda Bakıda 30 dərəcə istidə rütubətlilik yüksək olduğu üçün AFFA nümayəndələri ehtiyac görərsə, su fasiləsi barədə qərar verə bilərlər.