“Səbail”ə transfer qadağası qoyulub.
Newsport.az xəbər verir ki, buna səbəb “dənizçilər”in keçmiş legioneri Mustafa Yakubu qarşısında maliyyə öhdəliyini yerinə yetirə bilməməsidir.
Problemi həll edilməyən oyunçu FİFA-ya müraciət edib. Ali futbol qurumu şikayəti araşdırdıqdan sonra onu haqlı sayıb və “Səbail”ə 1 il müddətinə transfer cəzası verib.
Klubdan bununla bağlı Sportinfo.az-a danışıblar.
Mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bildirib ki, məsələ artıq hüquqi müstəvidə həll olunur:
“Bəli, bu barədə müvafiq qərar mövcuddur. “Səbail” tərəfindən futbolçu Mustafa Yakubuya olan bütün əməkhaqqı öhdəlikləri 9 iyun tarixində tam həcmdə yerinə yetirilib, tərəflər arasında qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.
Qeyd edirik ki, futbolçu müvafiq quruma müraciətini ödəniş həyata keçirilməzdən əvvəl etdiyi üçün sözügedən qərar qəbul edilib.
Hazırda qərarın ləğv edilməsi istiqamətində bütün zəruri hüquqi və inzibati prosedurlar icra olunur. Borcun tam ödənilməsini təsdiq edən bütün rəsmi sənədlər aidiyyəti quruma təqdim edilib.
Mövcud vəziyyət nəzərə alınaraq, 3-4 gün ərzində sözügedən qərarın ləğv ediləcəyi gözlənilir. Heç bir narahatlığa əsas yoxdur, heç bir borcdan söhbət gedə bilməz”.
Mustafa Yakubu ötən ilin sentyabrında bura gəlib. Daha öncə İsraildə “Hapoel Umm Al-Fahm”ın formasını geyinmiş qanalı cinah yarımmüdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.
Elvin Məmmədovun bəyəndiyi afrikalını Adil Şükürov bəyənməyib. Dekabrda göərəvə gəlmiş yeni baş məşqçi onu bu ilin əvvəlində düşərgədən yola salıb.
Klub mövsümün son 3 ayında maliyyə problemləri ilə üzləşdiyindən, qanalının maaş borcunu ödəyə bilməyib. O da belədə FİFA-ya baş vurub.