"İmişli" klubunun yeni loqosu təqdim olunub.
Newsport.az xəbər verir ki, tədbirdə bölgə təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov da iştirak edib. Klub rəsmisi ona ünvanlanan sualları cavablandırıb:
- Niyə Jorj Kaşkilya ilə yola davam etmədiniz?
- Bəzi fikir ayrılıqlarımız oldu. Ötən mövsümkü işini yüksək qiymətləndirdik. Qarşısına qoyulan məqsədə nail oldu. Düşüncəmiz yerli məşqçiyə güvənmək idi, düşündük uğurlu ola bilər. Fərid Namazov bizim üçün yad sima deyildi. Daha çox yerli oyunçularla şans vermək istəyirik.
- Bu mövsüm stadionunuz dəyişəcək?
- Quba ilə bağlı çox əziyyət çəkdik. Bizdən asılı olmayan səbəblərdən problemləri aradan qaldıra bilmirdik. Yevlax şəhər stadionu standartlara uyğundur, UEFA kateqoriyasına sahibdir. Bir neçə çətinlik var. Startda çətinliklər ola bilər. Amma aradan qaldıracğaıq.
- İmişlidə stadion inşa ediləcək?
- İmişlidə əvvəlki stadionla bağlı razılığa gələ bilmirik. İndi fəaliyyəti yoxdur. İcra hakimiyyətinə müraciət etmişik. Özümüzə məxsus stadion tikmək istəyirik. Təyinatı ilə bağlı çətinlik olur. Bununla bağlı ən yaxın zamanda məlumat verərik. İş gedir.
- Stadionla bağlı əsl problem nədir?
- Bu, elə məsələdir ki, konkret cavab vermək çətindir. Bir neçə yoldaşla danışmışıq, sirr deyil. Heydər Əliyev adına İmişli şəhər stadionu tək-tük arenalardandır ki, dörd tərəfində tribuna var. O stadionla fəxr etmişik. Amma o torpaq Həmkarlar Təşkilatına, binası isə MKT şirkətinə məxsusdur. Onlarla razılığa gələ bilmirik. Həmkar satış etmək istəmir, MKT ilə görünməyən rəqabətləri var. Bizim MKT ilə çətinliyimiz yoxdur, bəlli məbləğ deyirlər. Amma nə satdıqlarını bilmirlər. Əvvəllər daha rahat olub. Bəzi stadionlar var ki, cüzi məbləğlə kluba satıblar. Gənclər və İdman Nazirliyi və icra hakimiyyətinə müraciət etmişik. Hələ ki həll yolunu tapa bilmirik.
- Növbəti mövsüm əsas hədəfiniz nədir?
- Ötən mövsüm də qarşımıza hədəf qoymuşduq. Bunu deyəndə, azarkeşlər, media bir az bizi dırnaqarası qiymətləndirirdilər. Hədəf nə qədər yüksək olsa, çatacağı yer də yüksək olacaq. Hədəfimizə az da olsa, çata bildik. Bu mövsüm ilk altılığıa hədəfləmişik. Potensialımız da var.
- Niyə Fərid Namazovu komandanı Premyer Liqaya çıxaran mövsüm yox, bir il sonra dəvət etdiz?
- Premyer Liqada tək komandamız yox, biz də yeni idik. Bizim də təcrübəyə ehtiyacımız var idi. Ona görə başqa formada fikirləşdik. Kaşkilyanı gətirəndə bizə qarşı ittihamlar oldu. Uğursuz məşqçi olduğu deyilirdi. Amma yanılamdıq. Əminəm ki, bu seçimimizdə də yanılmayacağq. Azərbaycan futboluna da Fərid Namazovun adını böyük hərflərlə yazacağıq.