2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti futbolçu keçidini gerçəkləşdirib.
Newsport.az xəbər verir ki, Rusiyanın “Pari Nijni Novqorod” klubu ilə danışıqlar uğurla yekunlaşıb və yamaykalı Renaldo Sefas Azərbaycan klubuna transfer olunub.
Hər iki cinah vingeri, həmçinin mərkəz hücumçusu kimi çıxış edən futbolçu ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı yamaykalı 2029-cu ilin yayına qədər komandanın formasını geyinəcək.
Yamaykada “Arnett Qardens”in formasını geyinmiş Renaldo Şimali Makedoniyada “Şkupi”, Türkiyədə “Ankaragücü”də çıxış edib və 2025-ci ilin yayında Rusiya təmsilçisinə keçib.
2023-cü ildən Yamayka millisinin futbolçusu olan Sefas 21 oyunda 1 qol vurub. O, 2024-cü ildə KONKAKAF Millətlər Liqasının bürünc mükafatçısı olub.
Qeyd edək ki, Renaldo Sefas yay transfer pəncərəsində "Qarabağ"ın altıncı transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa və Martin Zlomisliç komandaya qoşulub.