"Düşündüm ki, Qurban Qurbanov məni bərk danlayacaq"

Uzun illərdir ölkə futbolunun içindəydik. Çox maraqlı hadisələrə şahidlik eləmişik. Bəziləri barədə danışmışıq, yazmışıq. Elə mövzular da olub, eşidib üstündən keçmişik. 

Bir neçə ay əvvəl millimizin sabiq hücumçusu Amil Yunanovla görüşüb söhbətləşirdik. Gələcək karyerası və s. mövzularda danışdıq. Söhbət məşqçilərə, məşqçilik peşəsinə gələndə, Qurban Qurbanovun millini çalışdırdığı dönəmdə başına gəlmiş bir hadisəni əhvalat etdi. 

O söhbətin üstündən xeyli vaxt keçsə də, yaddaşımın bir küncündə ilişib qalmışdı. Nəhayət, o gün Amilə dedim ki, bu söhbəti yazıya almaq istəyirəm. Bir az tərəddüd etdi. Bəlkə də, bunun Qurban Qurbanova yarınmaq kimi çıxmasından ehtiyat edirdi. 

Lakin Amilə izah elədim ki, belə nümunələr gənc məşqçilər üçün maarifləndirici xarakter daşıyır. Razılaşdı! Amil Yunanov olanları belə danışdı:

"Yaxşı mövsüm keçirirdim, Premyer Liqada qolları sıralayırdım. Həmin ərəfələrdə futbol ictimaiyyətində milliyə çağırılmalı olduğum barədə fikirlər səslənirdi. O vaxt yığmanı çalışdıran Qurban Qurbanov məni Belarus və Makedoniya ilə yoxlama oyunlarına dəvət elədi. 

Milli komandada hər gün tərəziyə qalxırdıq. Onu da deyim ki, Qurban Qurbanov futbolçuların çəki məsələsinə çox ciddi yanaşırdı. Toplanışda olduğumuz günlərin birində tərəziyə çıxdım, çəkim artıq gəldi. İclasa girdik. Məndən başqa bir neçə təcrübəli futbolçunun da həmin gün çəkisi çox çıxmışdı. Qurban Qurbanov həmin futbolçuları qaldırıb sərt şəkildə iradını bildirdi. Düşündüm ki, Qurban Qurbanov məni də bərk danlayacaq. Amma heç nə demədi, adımı belə çəkmədi. 

Məşqə çıxdıq, sərbəst qaçış hərəkətləri zamanı mənə yaxınlaşdı. İkilikdə danışırdıq. Əhvalımı maraqlandı, mülayim tərzdə dedi ki, çəkimə diqqət eləməliyəm. Mən də ona söz verdim ki, sabah səhər çəkim qaydasında olacaq. Məşqdən sonra fitnesə girdim, axşam yeməyini də yemədim, səhər tərəzidə çəkim tələb edilən qədər idi. 

Qurban Qurbanov məni ona görə nümayişkaranə danlamadı ki, ilk dəfə idi onun rəhbərliyi altında yığmaya gəlirdim. Millidə məşqlər, qidalanma, ünsiyyət, işə yanaşma və s. hər şey fərqli idi. "Qarabağ" və digər aparıcı klubların üzvləri belə mühitə alışqan idilər, mənə isə yenilik kimi gəlirdi bunlar. Qurban müəllim də bunu nəzərə almışdı.

Yeri gəlmişkən, Qurban Qurbanov məni Belarusla oyunda əsas heyətə qoydu. 45 dəqiqə meydanda oldum, açığı zəif oynadım. Bəlkə də başqa məşqçi olsaydı, bunu səbəb bilib növbəti matçda heç oynatmazdı. Amma o mənə Makedoniya ilə oyunda da start heyətdə yer verdi. Həmin görüşdə əvvəlkindən daha yaxşı oynadım. Bunu nə üçünsə demirəm, Qurban Qurbanovun mənim tərifimə ehtiyacı da yoxdur. Qurban Qurbanov yalnız güclü məşqçi deyil, həm də yaxşı psixoloqdur. Hansı futbolçuyla necə davranmağı, harada tərifləməyi, harada danlamağı çox yaxşı duyur".

Emin Abbasov, Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right