“Qəbələ” bu gün Azərbaycan Premyer Liqasının 26-cı turunun açılış matçında “Kəpəz”lə qarşılaşıb.
Newsport.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən oyundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı olub. Gürcüstanlı çalışdırıcı 2:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:
“Futbolçularıma təşəkkür edirəm, çox çalışdılar. Oyunun əvvəlində hiss olunurdu ki, psixoloji gərginlik var oyunçularda. Daha sonra isə başa düşdülər ki, daha yaxşı oynaya bilərlər. İkinci hissədə ümumiyyətlə, rəqibə şans vermədilər. Mən də onlara başa saldım ki, daha yaxşı oynaya bilərlər.
Azarkeşlərimizə də təşəkkür edirəm. Sona kimi bizi dəstəklədilər və nə yaxşı ki, onlar da bizim kimi oyunun sonunda sevinən tərəf oldular.
Milli komandalara görə fasilədən əvvəl qrafikimiz çox sıx idi. Həmin vaxt Ramazan ayına təsadüf edirdi. Demək olar ki, dörd gündən bir oyuna çıxırdıq. İsmail Akinadeni götürək, həmin vaxt oruc tuturdu. Nəticələr yaxşı olmadıqda futbolçuların psixologiyasına da təsir edir. Bu fasilə bizim xeyrimizə işlədi. Futbolçular da anlayırlar ki, hansı klubu təmsil edirlər. Hansı ki, bu klub ölkəni iki dəfə avrokuboklarda təmsil edib.
Ramazan ayı ilə bağlı oyunçuların oruc tutmasından şikayət etmirəm. Sadəcə, təqvimimiz sıx idi. Həmin vaxt dörd gündən bir oyuna çıxırdıq. “Sabah”la oyunları xatırlayın. Ölkə çempionatı, kubok oyunları…
Komanda uduzanda, hər yerdə belədir ki, baş məşqçi günahkar olur. Azarkeşlər də hər oyunda qələbə istəyir. Onlarla görüşdüm və izah elədim ki, bu, rəhbərliyin qərarıdır, qalıram, ya gedirəm. Bildirdim ki, sizin istefa çağırışlarınız futbolçulara da psixoloji olaraq mənfi təsir göstərir. Mən onları başa düşürəm. Sağ olsunlar, bu gün də gəlib bizi dəstəklədilər.
Milli komandanın FİFA Series-2026-dakı oyunlarını izlədim. Baş məşqçi Ayxan Abbasov komandanı yaxşı toparlayıb. Belə qələbələr çox vacibdir. Rəqibləri iki hissəyə bölmək olmaz. Bu, milli komandadır və dəstəkləmək lazımdır”.
“Qəbələ” növbəti turda “İmişli”ni qəbul edəcək.