Marko Yankoviç “Qarabağ”da qalmağa razılaşıb. Monteneqrolu yarımmüdafiəçi bir neçə ciddi təklif alsa da, müştəriləri onun ağdamlılardan qopara bilməyib.
Həm müqaviləsinin davam etməsi, həm də baş məşqçi Qurban Qurbanovun israrından sonra legioner iş yerini dəyişməkdən imtna edib. Halbuki onun getmək üçün kluba təzyiq etdiyi deyilirdi. Yankoviç bu barədə mozzartsport.com saytına danışıb: “Müqaviləm 2027-yə qədərdir. “Qarabağ”da tarix yazmışam. Əgər bir gün ayrılmalı olsam, bunu qalib kimi, hörmətlə etmək istəyirəm. Mən ən yaxşı oyunlarımı və ən yaxşı futbolumu məhz “Qarabağ”da göstərmişəm”.
Yankoviç Qurbanovdan da danışıb: “Onun haqqında kitab yazmaq olar. Ambisiyası, iradəsi, səbr və əzmi inanılmazdır. Daim inkişaf etmək istəyir və bunu futbolçulara da ötürür. “Qarabağ” hər futbolçu üçün uyğun klub deyil. Biz əsl orduyıq. Kim tələblərə dözürsə, qalır; dözmürsə, gedir. O, təkcə futbolçu deyil, Azərbaycanın dünyadakı ən yaxşı təbliğatçılarından biridir”.
Marko Çempionlar Liqasının qalan matçlarında yaxşı nəticəyə ümid edir. O, “Ayntraxt”la ev, “Liverpul”la səfər görüşlərində uğur qazanmağa çalışacaqlarını deyib: “Məqsədimiz 10 xalla mərhələni keçməkdir. “Ayntraxt”la evdə oynayırıq və ümid edirik ki, daha yaxşı nəticə əldə edəcəyik. “Liverpul”a qarşı da hər oyunda olduğu kimi, sona qədər mübarizə aparacağıq”.