Hələ bizim çempionatda siftə elədiyi vaxtlar onun oyunu çoxlarına xoş gəlirdi. Möhtəşəm seyvləri, ayaqla oynamaq bacarığı, bəzən son müdafiəçi qismində komanda yoldaşlarını siğortalaması ona olan rəğbəti günü-gündən artırırdı. Bəlkə elə həmin rəğbətiydi onun oyununa pis təsir eləyən... İndi bu barədə birmənalı danışmaq çətindir, ancaq rəğbət artıqca Şehiçin oyun keyfiyyəti aşağı düşürdü. Son vaxtlar onun kobud səhvləri daha intensiv xarakter alıb. Bunun səbəblərini ilk növbədə ötən mövsümün sonlarına təsadüf eləyən “Qəbələ” ilə səfər matçında yaşananlarda axtarmaq lazımdır. Matçın son dəqiqələrində “Qarabağ”ın qapısına penalti təyin olunur və qələbə əldən gedir. Həmin vaxt hamını bir sual maraqlandırır, penalti var idimi? Əslində isə Şehiçin Mendiyə qarşı qaydanı pozub-pozmaması əsas müzakirə mövzusu olmamalıydı, daha vacib məqam var idi... Şehiç niyə qapını tərk etmişdi? Mendinin üstünə bu qədər yöndəmsiz şığımağa ehtiyac var idimi?
Bu gün çoxları “Qarabağ”ın ÇL-in qrup mərhələsinə düşə bilməməsinə üzülür. Gəlin, “Seltik”lə oyunlarda buraxdığımız yeganə qola bir də baxaq. Şehiç səfər matçında səhv buraxmasaydı, “play-off”-da biz ola bilərdik...
Şehiçin səhvləri o qədər adiləşməyə başladı ki, Premyer Liqanın 3-cü turu çərçivəsində AZAL-la oyunda onun etdikləri artıq heç kəsi təəccübləndirmirdi, yalnız təşvişə salırdı!
Avroliqanın qrup mərhələsində “Tottenhem”lə oyunda buraxılan ilk qolda günahı hər nə qədər müdafiəçilərdə axtarmaq istəsək də, günahın ən böyük payı yenə Şehiçdədir. Qapıçı meydançasına cavabdeh adam İbrahimdi, çünki o zonada onun toxunulmazlıq imtiyazı var...
Və nəhayət “Neftçi” ilə son oyun. Burada artıq şərhə ehtiyac yoxdur.
Ardı varmı? Bu, artıq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan asılıdır.
Emin ABBASOV, Sportal.az
P.S. Tək Şehiç yox, hər bir futbolçunun dəyəri onun sabitliyindədir. Şehiç isə bu keyfiyyətini itirib.