"Azərbaycan futbolunu yaxşılaşdırmaq istəyiriksə, öncə, akademiyadan başlamalıyıq"

Misli Premyer Liqasının XXXVI turunun “Şamaxı” – “Qarabağ” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Ayxan Abbasov təşəkkür edirəm. Gənclərdən yaxşı, mübarizə kollektiv formalaşdırıb. Sona kimi mübarizə apardılar, bizə xeyli çətinlik yaşatdılar. Futbolçularımın təbrik edirəm. Qələbə üçün sona kimi oyunun içində oldular, qopmadılar. Hər iki komanda mövsümü yaxşı notlarla başa vurdu. Azarkeşlərə təşəkkür edirəm, komandalarının yanında oldular.

– “Barselona”nın düşərgəsində oldunuz. Fliklə görüdünüzmü? Daha əvvəl də bu klubda olmuşdunuz. Hansı fərqlər var və nə təcrübələr qazandınız?

– Bütün yaş qruplarının məşqində oldum. Mütəxəssislərlə söhbətlərimiz oldu, eləcə də Fliklə. Baxmayaraq ki, geniş danışa bilmədik. Çox böyük klubdur. Onların vaxt ayırması asan deyildi. Ciddi klubdur. Öz prinsipləri var. İlk getdiyim vaxtda (Qvardiola dönəmində) ulduzlar daha çox idi. Həmin dövr komandanın ən yaxşı vaxtları idi. İndi də gənc və yaxşı futbolçuları var. Mənimçün ora getmək çox vacib idi. Əmin oldum ki, sistemi qurub saxlamaq çox vacibdir. Bunu icra edənlər sistemi sevməli və sadə şəkildə tapşırıqları yerinə yetirməlidir. Komandada adlı-sanlı oyunçuların olması vacib deyil. Çox şey götürdüm. Belə səfərlər böyük təcrübə, inam verir. Böyük klublarda öz komandanda istədiklərini görmək xoşdur. Maraqlı görüş alındı. Faydalı səfər oldu.

– U-21-in heyəti açıqlandı. 15 yaşlı Amin Rzayev və Hikmət də dəvət alıb. Bu haqda fikirlərinizi bilmək istəyirdim.

– Əlbəttə, belə oyunçuların tez böyüməsi üçün yuxarı kollektivdə olması vacibdir. Qərar verməyi bacarmaq lazımdır. Ayxan Abbasov sağ olsun, gəncləri cəlb edib. Məncə, böyük turnirlərdə, yarışlarda nə qədər tez iştirak etsən, daha yaxşıdır.

– “Barselona”nın Azərbaycanda Akademiyası olacaq. Bu klubla kompleks əməkdaşlıq düşünülür?

– Bu haqda söhbət olmadı. Sadəcə öz fikirlərimi dedim. Şəraitimiz o dərəcə deyil ki, onlar kimi olaq. Onların akademiyaları bazaları çox böyükdür. Çoxlu meydançaları var. İşlərdən düzgün yararlanmaq üçün onlarım metodlarından istifadə etmək lazımdır. Biz hələ böyük futbolu hiss etməyə yeni başlamışıq. “Barselona”nın Bakıda belə layihəsi bizim futbol üçün faydalı olacaq. Uzunmüddətli iş rejimi olmalıdır. Müəyyən sistem qurulmalı və işlər görülməlidir.

– Bu gün meydana buraxdığınız heyət kuboka çox ciddi yanaşdığınızı göstərir…

– Həmişə ciddi olmuşuq. Olmasaq, finala gəlməzdik. Qarşımızda istəkli komanda var. Müəyən hazırlıqlarımız var. Bəzi oyunçulara istirahət verdik. Kuboku qazanmaq istəyirik. Necə olacağını görəcəyik.

– Benzia hələ də klubdakı gələcəyi ilə bağlı qərarını verməyib. Durum nə yerdədir?

– Benzia üçün bütün təklifləri etmişik. Qalıb qərarını verməsi. Buna baxmayaraq, həmin mövqeyə axtarışdayıq. Aktiv danışıqlarımız var. Qalacaq, çox yaxşı. Ola bilər karyerasını başqa yerdə davam etmək istəsin. Futbolçularımızın yaxşı olmasını istəyirik. Gedəcək futbolçular ola bilsin. İndiki məqamda finala hazırlaşacağıq. Çempionlar Liqasına II təsnifatdan başlamağımız faydalı olacaq. Bəzi qərarlar verəcəyik. Gedənlər ola bilər. Gələnlər də vacibdir. Əsas odur, istədiyimiz sayda oyunçu gətirə bilək.

– Belə fikir var ki, komanda ÇL-ə I təsnifatdan başlayanda daha uğurlu olur.

– Futbolçuların istirahətə ehtiyacı var. I təsnifatdan başlasaydıq, tələsən bilərdik. 1 aya yaxın vaxtımız olacaq və işlərimizi görməyə çalışacağıq.

– Yeni mövsüm legioner limiti ləğv olunacaq. Planınızda legioner balansı olduğu kimi qalacaq?

– Mənimçün yerli və ya legioner fərqi yoxdur. Tələbimi yerinə yetirən oyunçu vacibdir. Hansı daha yaxşı olsa, ona üstünlük verəcəm. Vacibdir ki, qruplara düşsək, keyfiyyətli və geniş heyət olsun. Nəticə vermək üçün ehtiyatda da oyunçularımız olmalıdır.

– Abubakar və Manfredasın adı “Qarabağ”la hallanır…

– Bu oyunçularla danışıqlar olmayıb.

– Son 1 ildə klubun akademiyasında irəliləyiş görülür. Gələcəkdə akademiyaya dəstək arta bilərmi?

– Ola bilər, olmalıdır. Azərbaycan futbolunu yaxşılaşdırmaq istəyiriksə, öncə, akademiyadan başlamalıyıq. İllərdir bu haqda danışılır. İnfrastruktur olmalıdır. Bu gün yaxşı, ağıllı məşq keçim, amma olduqları yer keyfiyyətsizdirsə, faydası olmayacaq. Şərait olmayandan sonra futbol oynamaq çətin olacaq. “Barselona” deyəndə hamı topa sahibolma, texnika deyəndə Messinin fintləri ağıla gəlir. Ancaq bu deyil. Texnika düzgün ötürmə, mövqe seçimidir. İnfrastruktur baxımından orta klublar bizdən üstündür. Məsələn, Serbiyanın, Macarıstanın klublarının bazasına baxsaq, şəraiti görərsiniz. Akademiya qurmaq istəyirik ki, şəraiti hazırlamalı, sonra kadrlara üstünlük verməliyik. Rəhbərliklə sıx danışıqlarımız olur. Onları da başa düşürəm. Görünməyən çoxlu xərclər var. Hələ tam gəlir əldə edə bilmirik. Biletlərdən, forma satışlarından, atributlardan… “Barselona”nın akademiyasında həftənin bir günü valideynlər üçün məşq açıq olur. Nə qədər valideyn məşqə baxır. Ancaq qalan 6 gün heç bir valideyn bazaya daxil ola bilmir. İnsanları futbola cəlb etməliyik. Çoxlu nüanslar var. Biz daha çox irəli getmək istəyirik, amma hazırıqmı? Aşağılardam möhkəm sistem qurmalıyıq.

– Azərbaycanı neçə faiz futbol ölkəsi saymaq olar? Və ya 5 ballıq şkalada neçə verərsiniz?

– Azərbaycan idman ölkəsidir. Burdan futbolçu da, çıxır, güləşçi də, boksyor da. Atletika üzrə dünya çempionumuz olubsa, deməli çıxır. Balla desək, 3-4 olar, amma indi bundan aşağıyıq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right