Futbola açılan ilk pəncərə YAZI

Mən nə “Xəzər Lənkəran” azarkeşiyəm, nə də “Neftçi”. Hər kəs bilir ki, mən hansı komandanın azarkeşiyəm, fanatıyam, dəlisiyəm, vəkiliyəm!
Vaxtilə iki nəfərin bir “peraşkini” bölüb yediyi, futbolçunun birinin pulu qaz idarəsindən,digərinin işıq idarəsindən aldığı vaxt Azərbaycan çempionatında 3-cü yeri tutub, “İntertoto”ya gedən “Viləş”in azarkeşiyəm. Bir gün gələcək, həmin gün yenə gələcək.. Yenə bizim buzlu talış dağlarına gün çıxacaq və Viləş bir gün daşacaq… Əminəm…

Yenə Anatoli Banişevski adına stadionun qapılarından yaşlı nəslin nümayəndələri keçəcək… Yenə pulsuz uşaqlar stadionun hasarlarının altından gizli yollar çəkəcəklər… Yenə “Şəmkir”, “Neftçi”, “Kəpəz”, “Turan”la oyunlarımız vaxtı həyat dayanacaq, nəfəslər qol səsinə çevriləcək… 
Yenə bu gün “Viləş”in oyunu var deyib toyları bir başqa günə təyin edəcəyik, yenə hər kəs işini bu oyunlara görə quracaq, yenə ayaqyalın, əlləri, dabanları partlamış uşaqlar Banişevskidə tum sata sata həyatın ilk imtahanından keçəcəklər… Üzüağ keçəcəklər…
Loqqur-loqqur qaynayan ayran aşı qazanlarını demirəm hələ… 
“Viləş” tam başqa idi… İlk sevgi idi, futbola açılan pəncərə idi, ümid yeri idi, sevinc idi, kədər idi… Masallı camaatının sevinclə bağrına basdığı körpə idi… Artıq illərdir ki, həmin körpənin cavanlığını görməyə həsrətik…

Viləş öldükdən sonra “valideynlər” gedib uşaq evindən bir “övlad” götürdülər… amma bizi eyni tellər qovuşdura bilmədi… Tez qırıldı hər şey… Çünki məqsədlər fərqli idi…

Getdiyin yollar isə əyri olanda heç vaxt düzgün olan mənzilə çata bilmirsən, təkcə futbolda yox, həyatın bütün sahələrində…

“Viləş” isə mənim ilk futbol sevgimdir… İlklər isə heç vaxt unudulmur… Sevgilərlə…

Elgiz ABBASOV

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right