“Qarabağ” niyə uduzdu? Bir suala üç cavab.

Amal Abuşov

"Qarabağ”ı Milana böyük ümidlərlə yola salmışdıq. İnanırdıq ki, "köhlən atlar” ən azından uduzmayacaq, "Neftçi”nin iki il bundan əvvəl elə bu stadionda etdiyi qəhrəmanlığı təkrarlayacaq. 

Olmadı. 

Prinsipcə, dünya dağılmayıb, Azərbaycan futbolu adına faciəvi heç nə baş verməyib. 

Əksini isbat etməyə çalışanlara səbrli olmağı, Foqtsun rəhbərlik etdiyi millimizin oktyabrın 10-da Palermodakı görüntüsünə tamaşa etməyi məsləhət görərdim. 
Unutmayaq ki, "Qarabağ” Azərbaycanın, "İnter” isə İtaliyanın təmsilçisidi. Bu müqayisəni dərinləşdirib, söhbəti elə həmin müqayisə üzərində qurmaq da olardı. Amma bizim işimiz məğliubiyyətə haqq qazandırmaq yox, onun səbəblərini araşdırmaqdı. Artıq xəbəriniz var ki, Qurban Qurbanov oyundan sonra nəticədən daha çox futbolçuların buraxdıqları səhvlərə görə məyus olduğunu deyib. Belədə "Qarabağ”ın son yenilgisini çək-çevir etməyə, səhvləri və çatışmazlıqları incələməyə dəyər. Çünki biz "Qarabağ”ın və Qurban bəyin yerində saymasını yox, "artırmasını” və bizi yeni zəfərlərlə sevindirməsini gözləyirik. Odu ki, "köhlən atlar”ın harda səhv buraxdığını da tapmağa çalışmalıyıq. 

İlk baxışdan elə görünə bilər ki, "Qarabağ” Milanda Zalsburqdakından daha yaxşı oynadı. Məsələyə belə yanaşsaq, özümüzü aldatmış olarıq. Fərq ondaydı ki, "İnter” Avstriya çempionu kimi aqressiv davranmır, rəqibinin işini tez-tələsik bitirməyə çalışmırdı. Hətta ilk 10-15 dəqiqədə bizimkilər topa sahib olanda belə italyanlar sakit görünür, heç bir həyəcanlı hərəkətə yol vermirdilər. Bu davranışlarıyla Matsarrinin yetirmələri "Qarabağ”ı "dişinə” vuraraq, güclü və zəif tərəflərini müəyyənləşdirməyə, Qurbanovun onlara hansısa sürpriz hazırlayıb-hazırlamadığını bilməyə çalışırdılar. Onların bu istəyinin baş tutduğunu əminliklə söyləmək olar. 
Bəlkə də çoxumuz 18-ci dəqiqədə vurulan qolun oyunun məntiqi axarına uyğun olmadığını düşünürük. Unutmaq lazım deyil ki, futbolun yazılmayan qanunları arasında "vurmayana vurarlar” prinsipi çox məhşurdu və həmin deyim bir çox hallarda özünü doğruldur. Reynaldo əlverişli vəziyyətə fərqlənə bilmədi, əvəzində Ambrpzio heç nədən qapımıza qol vurdu. Ayrı-ayrı epizodların üzərində dayanıb, oyunu xırdalıqlarına qədər incələmək də mümkündü. Amma ümimlikdə götürəndə "Qarabağ” niyə uduzdu?” sualını cavabları çox sadə və konkretdi.

Birincisi, Rəşad Sadıqov amilinin "Qarabağ” üçün çox vacib olmasıdı. 32 yaşlı müdafiəçi ardıcıl zədələrdən sonra heç cür özünə gələ, əvvəlki formasını bərpa edə bilmir. Onun meydanda olması təkcə müdafiənin etibarlılığı baxımından yox, liderlik keyfiyyətinə və oyun quruculuğuna görə həyati əhəmiyyət daşıyır. 

Qurbanovun məcburiyyətdən meydana buraxdığı Rəşad isə nəinki komandanı toparlaya bilmədi, üstəlik rəqibin vurduğu ikinci qolda səhvə yol verdi.

İkincisi, Qurban bəyin əlinin altında hələ də layiqli əvəzedicilər yoxdu. Çətin seçim qarşısında qalıb İlqarla Namiqə ilk dəqiqələrdən güvənən çalışdırıcı onların heç birinin oyunundan razı qala bilməz. Üstəlik, Qurbanov vacib məqamlarda oyuna çevik müdaxilələr etmək, meydanda nəyisə dəyişdirmək arzusuyla ehtiyyat oyunçular skamyasına baxır və orda Şəhriyarı, Cavidi, Namiqi görür. Yerli gənclərə bütün sayğıma rəğmən, qeyd etməliyəm ki, onlar heç biri "İnter” kimi rəqiblə qarşılaşmada meydana sonradan daxil olub, oyuna damğa vuracaq gücdə deyil. Bu duruma görə çalışdırıcının, klub rəhbərliyinin, yoxsa yersiz legioner limiti tətbiq edən AFFA-nın günahkar olması isə başqa söhbətin mövzusudu.

Məğlubiyyətin səbəbləri ilə bağlı suala sonuncu cavab isə Reynaldoyla Almeydanın qeyri-sabit çıxışı, "sambaçılar”ın vacib məqamda məsuliyyəti üzərlərinə götürə bilməmələridi. Halbuki, ötən mövsüm premyer-liqada fırtına kimi əsən braziliyalılardan çox şey gözləyirdik. "Valletta” və "Zalsburq”la Bakıdakı oyun da ümidlərimizi artırmışdı. Avstriya çempionu ilə Bakıdakı qarşılaşmanın qəhrəmanı olan Reynaldo həmin gündən bəri yavaş-yavaş kölgəyə çəkilir. Elə "Sent-Etyen”lə qarşılaşmada da onun "xəsisliyi”, komanda yoldaşlarıyla anlaşmağa həvəsli olmaması bizi qələbədən məhrum etdi. Yaxşı olardı ki, Bakıya dönən kimi Qurban bəy onların hər iksi ilə görüşüb, motivasiya etməyə, dərdlərini öyrənməyə çalışsın.

Sadaladığımız bu üç cavabın gətirdiyi problemləri qismən də olsa həll etmək mümkündü. Buna nail olsaq, qrupdakı qalan dörd oyunda daha yaxşı nəticələrə ümid edə bilərik.

Sport7.Az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right