Oğuz Çətinin son həftəsi... KÖŞƏ

"Xəzər Lənkəran" rəhbərliyi ilk çalışdırıcıları Nazim Süleymanovu məhz futbolçuların “şikayəti” əsasında postundan uzaqlaşdırmışdı. Rumıniyalı Mirça Rednik də oxşar “torbaya” düşmədimi?! Bir də gördüz “Xəzər Lənkəran” “Fırtınalar meydanı”nda “Araz Naxçıvan”a belə “bata bilmədi”. Onda şübhə etməyin ki, bu, Oğuz Çətinin Azərbaycanda keçirdiyi sonuncu həftədi




Lənkəranda yaxın qohumlarım yaşadığından uşaq vaxtı Talış dağlarının ətəklərinə tez-tez gedirdik. Məktəblilərə verilən üç aylıq yay tətilinin əksəriyyətini Liman qəsəbəsinin yaxınlığında, Boladi çayının sahilindəki kəndlərdə keçirmişəm. Havası əla, meyvə-tərəvəzi bol, insanları qonaqpərvər idi. Gözümüzü yumub-açana kimi tətilimiz başa çatırdı. Səbrsizliklə növbəti yayın tez gəlməsini arzulayardıq ki, xoşbəxt günlərimiz qaldığı yerdən davam etsin. O vaxtlar heç ağlıma da gəlməzdi ki, nə vaxtsa bu cənnət məkan kimlər üçünsə cəzaçəkmə müəssisəsinə çevriləcək.
 
Təəccübləndizmi? Klub rəhbərliyinin etinasızlığı, Oğuz Çətinin yersiz üzüyumşaqlığı nəticəsində bu reallıqdı. Onların lənkəranlı azarkeşlərə etinasız münasibətinə dair kifayət qədər misal çəkmək olar. Komanda bir balaca yaxşı nəticələr qazanmağa başlayan kimi biletin qiymətinin iki dəfə qaldırılması kiçik nüansdı. Ölkə kubokunun finalında yaşananlardan sonra təzyiqlərə dözə bilməyən rəhbərlik “Neftçi”nin qarşısından tez geri çəkildi. Belədə azarkeşlər özləri haqq-hesab çəkməyə qalxınca, məlum iğtişaşlar yaşandı. Adicə Bakıdan gələn “Neftçi” fanatları stadiona buraxılmasaydı, heç bir xoşagəlməz olay baş verməyəcəkdi. İndi də klub rəhbərliyinin sahib çıxmadığı fanatlar günlərini həbsxana divarları arasında keçirməzdi.
 
Mustafa Dənizlini taxtdan salan, özü onun yerinə keçən Oğuz Çətin də bu siyasətin davamını gətirməyə başladı. Buna qədər komandanın içində olan, futbolçuların psixologiyasına öyrənən çalışdırıcı gördü ki, sərt nizam-intizam tərəfdarı olan Mustafa hoca uğur qazana bilmir, aldıqları paranın qarşılığını verə bilməyən “top ustaları” Dənizlini sevmirlər. Görünür, məşhur təmsildə deyildiyi kimi, Oğuz bəy “dərisi soyulmuş dostunun” aqibətindən dərs çıxara bilibmiş. Baş məşqçi postuna təyinat alan kimi futbolçuların nazıyla oynaması buna sübutdu. Təsadüfi deyil ki, məlum dəyişiklikdən sonra müsahibə verən futbolçular da bir ağızdan Çətini özlərinə daha yaxın hesab etdiklərini, onunla xoş münasibətdə olduqlarını bəh-bəhlə dilə gətirirdilər.

Diqqət yetirmisizsə, yeni mövsümdən “Xəzər Lənkəran” əsasən Bakıda məskunlaşır, hazırlıq prosesi paytaxtda keçirilir. İndiyə qədər komanda yalnız “ev oyunları”na bir-iki gün qalmış doğma şəhərə yollanırdı. Bununla da futbolçuların ailələriylə çox vaxt keçirməsi, paytaxtın əyləncəli həyatından uzaq qalmaması təmin olunmuşdu.
 
“Nəticə” göz qabağındadı. Beş oyuna cəmi bir qələbə qazanan “gəmiçilər” artıq azlıqda qalan rəqibini məyus etməyi, penaltini qola çevirməyi belə yadırğayıb. Təqaüdə çıxmağa hazırlaşan, xətir-hörmət sayəsində “Neftçi”də qalan Doroşevsin zəhmi kifayət etdi ki, İvanovun gözlərinə qaranlıq çöksün. Həmin İvanovun tərifini isə Oğuz bəy yerə-göyə sığdıra bilmirdi. Futbolçularla yumşaq davranışın fəsadlarını hiss etməyə başlayan rəhbərlik və çalışdırıcı cəza metodlarına əl atıblar. Və... “Xəzər Lənkəran” öz bazasına “sürgün” olunub. Bu addımın müsbət tərəfləri olduğu kimi, ağır nəticəsi də ola bilər. Çətinlə “qardaş” olan ərköyün uşaqlar onu bu addımına cavab vermək, “qanı qanla yumaq” fikrinə düşə bilərlər. Axı belə ənənələrlə “gəmiçilər”in tarixi zəngindi.

Rəhbərlik ilk çalışdırıcıları Nazim Süleymanovu məhz futbolçuların “şikayəti” əsasında postundan uzaqlaşdırmışdı. Rumıniyalı Mirça Rednik də oxşar “torbaya” düşmədimi?! Bir də gördüz “Xəzər Lənkəran” “Fırtınalar meydanı”nda “Araz Naxçıvan”a belə “bata bilmədi”. Onda şübhə etməyin ki, bu, Oğuz Çətinin Azərbaycanda keçirdiyi sonuncu həftədi.


Amal ABUŞOV, 
Rekord.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right