"Müharibə başlayandan Azərbaycandan xeyli insan zəng edib" - Qriqorçuk

"Qəbələ"nin sabiq baş məşqçisi, hazırda ölkəsinin "Çernomorets" klubuna başçılıq edən ukraynalı mütəxəssis Roman Qriqorçukun  müsahibəsi

- Müharibə şəraitində necə yaşayırsınız: Məşq edə bilirsiniz?

- Hazırda futbol ab-havasında deyilik. Hər kəs ölkəsini qorumaqla məşğuldur. Hamımız müharibənin tez bitməsi üçün əlmizdən gələni etməyə hazırıq. Yalnız bu əhval-ruhiyyədəyik.

- İnsanlarda, xüsusilə gənclərdə döyüş ruhu necədir?

- İnsanların özlərini necə aparmasına, hadisələrə reaksiyasına baxıram. Ukraynalı olduğum üçün, sadəcə, fəxr edirəm. Əminəm ki, düşmənin ən xırda şansı belə, yoxdur. Ukraynalılar öz ölkələrini müdafiə edəcək və qalib gələcəklər. Düşmənlərə isə çox çətin olacaq.

- Əvvəldən ukraynalıların bu cür vuruşacağını və müdafiə olunacağını gözləyirdiniz?

- Bununla bağlı hər hansı şübhəm yox idi. Çünki biz vətənpərvər və güclü xalqıq. İnsanlarımız zəhmətkeş və cəsarətlidirlər. İndi bu keyfiyyət daha yaxşı görünür. Hər kəs öz vətənini sevir və Ukraynanı qorumaq üçün hər şeyə hazırdır.

- Ukrayna çoxmillətli ölkədir. Orada əslən rusiyalılar da yaşayırlar. Onların da ukraynalılarla birgə vətənin müdafiəsində iştirak etdikləri görünür...

- Əlbəttə, buna şübhəm yoxdur. Rus xalqını hər şeyi etməyə və müharibəni dayandırmağa çağırıram. Qoy, insanlar ölməsinlər. Hərbi əməliyyatları dərhal, elə bu saniyə dayandırmaq lazımdır. Hamımızın ehtiyacı olan məhz budur.

- Hazırda Kiyevdə küçə döyüşləri gedir. Bu cür döyüşkən xarakterlə düşməni ölkədən tezliklə qovmaq mümkün olacaqmı?

- Gördüklərimə və eşitdiklərimə əsasən deyə bilərəm ki, düşmənin heç bir şansı yoxdur. Ordumuzun işinə heyran qalmışıq. Onlar peşəkarlıqla mübarizə aparırlar. Amma yerli sakinlər də əllərinə silah alıb, müxtəlif qruplar yaradırlar və diversantlara qarşı vuruşurlar. Sadə insanlar peşəkar olmasalar da, artıq bir neçə qrupu zərərsizləşdiriblər. Bu, orduya güclü köməkdir.

- Siz özünüz hazırda hansı şəhərdəsiniz?

- Odessada.

- Orada vəziyyət necədir? Deyəsən, digər şəhərlərə nisbətən Odessada sabitlik hökm sürür...

- Bəli. Müharibə siqnalları Ukraynanın bütün regionlarında var. Amma Kiyevdə vəziyyət daha gərgin və ağırdır. Oradakı insanlara görə həyəcan keçiririk.

- Yəqin, digər şəhərlərdə qohumlarınız yaşayır. Onlarla danışırsınız? Həyatları üçün hər hansı təhlükə var?

- Ukraynanın hər yerində qohumlarım var. Amma hazırda hamı hər şeyi etmək və vətəni qorumaq əhval-ruhiyyəsindədir.

- Şəxsən siz müharibədə qələbə naminə nələr etməyə hazırsınız?

- Qələbə naminə hər şeyə - məndən nə tələb olunursa, onu etməyə, istənilən formada köməklik göstərməyə hazıram.

- Müharibədə azərbaycanlılardan hansı dəstəyi almısınız?

- Hadisələr başlayandan bəri Azərbaycandan mənə xeyli tanış insan zəng edib. Adlarını bir-bir sadalaya bilməyəcəyəm. Çünki sayları olduqca çoxdur. Onlar dəstək və qayğılarını ifadə, köməkliklərini təklif etdilər. Hər birinə böyük minnətdarlığımı bildirirəm. Belə bir anda insanlardan bu cür sözlər eşitmək çox xoş oldu. Çox sağ olsunlar (Report).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right