“Barselona”dan antirekord

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Fransanın PSJ klubu ilə cavab qarşılaşması İspaniyanın “Barselona” klubu üçün antirekordlarla əlamətdar olub.
 
Newsport.az xəbər verir ki, ilk oyunda 1:4 hesabıyla uduzmuş Kataloniya təmsilçisi səfərdəki 1:1 hesablı heç-heçə nəticəsində mübarizəni dayandırmalı olub.
 
Bununla da “Barselona” 2006/07 mövsümündən sonra ilk dəfə 1/8 finalda dayanıb. Komanda həmin vaxtdan ardıcıl 13 mövsüm idi 1/4 finala vəsiqə qazanırdı.
 
Qarşılaşma “Barselona”nın ulduz futbolçusu Lionel Messi üçün də antirekordla yadda qalıb. 34 yaşlı hücumçu 2015-ci ildən sonra ilk dəfə Çempionlar Liqasında penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. 6 il əvvəl argentinalı oyunçunun zərbəsini İngiltərənin "Mançester Siti" klubunun sabiq qapıçısı Co Hart, PSJ ilə matçda isə Keylor Navas dəf edib.
 
Həmçinin 2005-ci ildən sonra qitənin bir nömrəli klub turnirinin 1/4 finalında nə Kristiano Ronaldo, nə də Lionel Messi iştirak edəcək. Ronaldonun formasını geyindiyi “Yuventus” (İtaliya) da Portuqaliyanın “Portu” klubu ilə mübarizədən məğlub ayrılıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right