Fransanın “Olimpik” (Marsel) klubunun baş məşqçisi Andre Villaş-Boaş istefa verib.
Newsport.az xəbər verir ki, bu barədə ilk açıqlamanı 43 yaşlı mütəxəssis özü verib.
İstefaya klub rəhbərliyinin Şotlandiyanın “Seltik” klubundan Olivye Ntşamı transfer etməsi səbəb olub. Hansı ki, Liqa 1 təmsilçisi bu transferin detallarını da tam açıqlamayıb. “Mançester Siti”nin yetirməsi olan 24 yaşlı fransız yarımmüdafiəçi 2017-ci ildən “Seltik”də çıxış edir. O, Marsel təmsilçisinə icarə əsasında keçib.
Villaş-Boaş da Ntşamın onun fikri öyrənilmədən transfer edilməsinə qəzəblənib. Portuqaliyalı mütəxəssis bunu açıqlamaqdan çəkinməyib:
“Klub rəhbərliyinə istefa ərizəmi təqdim etdim. Şərtlərdə anlaşa bilmədik. Mənim klubdan heç bir tələbim yoxdur. Pul da istəmirəm. Ntşam mənim “yox” dediyim bir oyunçu idi. Transfer siyahımızda olmadığı halda aldılar. Bu üzdən də istefa verdim. Klubun siyasəti ilə razı deyiləm”.
Artıq klub rəhbərliyi Villaş-Boaşın istefasını qəbul edib. Marsel klubu bu barədə rəsmi saytı vasitəsilə açıqlama yayıb.
“Olimpik” bu mövsüm portuqaliyalı çalışdırıcının rəhbərliyi altında Liqa 1-də 32 xal toplayıb və 9-cu pillədə qərarlaşıb. Bir neçə gün əvvəl isə azarkeşlər komandanın uğursuz nəticələrindən narazı olduğu üçün prezident Jak-Anri Eyraudun istefasını tələb edərək, klubun bazasına hücum çəkmişdilər.
Qeyd edək ki, Villaş-Boaş 2019-cu ildən Marsel klubunun baş məşqçisi idi.