Piter Birdsli
(“Liverpul" - “Everton")
Piter Birdsli "Nyukasl"dakı çıxışı ilə parlamışdı. Daha sonra “Liverpul"a keçən keçən hücumçu bu komandada 4 il çıxış etmişdi. Bu komandanın forması ilə meydana çıxdığı 131 oyunda 46 qol vuran Piter azarkeşlərin sevimlisinə çevrilmişdi. Təsadüfi deyil ki, fanatlar arasında “Liverpul"un tarixi ərzində “100 ən yaxşı futbolçu"sunu müəyyənləşdirmək üçün aparılan sorğuda Birdsli 19-cu pillədə qərarlaşmışdı ki, bu da yaxşı nəticə hesab olunmalıdı. 1991-ci ilin avqustunda Piter gözlənilmədən “Liverpul"u tərk etdi. Burada adi bir hal yox idi. Amma əgər Piter “Everton"a keçməsəydi. Məhz “Liverpul"u əzəli və əbədi rəqib “Everton"a dəyişməsi mersisaydlıların Piterə nifrət etməsi ilə nəticələndi.
Ernan Krespo
(“Milan" - “İnter")
Ernan Krespo daha çox İtaliyada oynadığı vaxtlar tanınmışdı. "Parma"nın heyətində sərglədiyi oyunla özündən söz etdirən argentinalı bu klubla UEFA və İtaliya Kuboklarına sahib çıxmışdı. Bundan başqa A Seriyasının gümüş medallarına layiq görülmüşdü. “Parma"da oynadığı 4 mövsümdə 116 oyuna 62 qol vurmuşdu. Nəticədə daha imkanlı “Latsio" 2000-ci ildə Ernanı o vaxt üçün rekord məbləğ hesab ediləcək 36 milyon avroya heyətinə qatdı. 2 il sonra isə 40 milyon avro qarşılığında Krespo “İnter"ə keçdi. Yeni klubunda əvvəlki kimi çıxış edə bilməyən argentinalı “Çelsi"yə satıldı. Lakin Londonda da əvvəlki Kresponu görmək mümkün olmadı. Nəticədə “Milan"a icarəyə verildi. Bu, onun ilk “satqınlığ"ı idi. “Milan"la Çempionlar Liqasının finalçısı olan forvard ardından Londona getdi və yenidən Milana qayıtdı. Bu dəfə “İnter"ə kömək etmək üçün. Bu da ikinci “satqınlıq".
Yohan Kroyf
(“Ayaks" - “Feyenoord")
1979-cu ildə əfsanəvi Yohan Kroyf Avropadakı çıxışını başa vuraraq ABŞ-ı fəth etməyə yollandı. Amma “Los Anceles Qalaksi"də yüksək səviyyədə oyun numayiş etdirməsinə baxmayaraq, az sonra yenidən Avropaya - İspaniyaya qayıtdı. “Levante"də onun işləri yaxşı getmədi. Kroyfun növbəti dayanacağı Amsterdam oldu. “Ayaks"lı azarkeşlər Kroyfu isti qarşıladılar. Hər şey nağıllarda olduğu kimi idi. “Ayaks" “uçan holland"la 2 dəfə çempion oldu. Lakin “Ayaks"ın prezidenti ilə aralarında yaşanan problem üzündən kubu tərk etdi və “düşmən"in cəbhəsinə keçdi. Yəni “Feyenoord"a.
Niko Krançar
(“Dinamo" - “Hayduk")
Niko düz 8 il xorvat futbolunun ən istedadlı üzvlərindən biri hesab edilib. Zaqreb “Dinamo"sunun əfsanəvi hücumçusu Zlatko Krançarın oğlu 17 yaşında atasının doğma klubunuda debüt etmişdi. Yaşının az olmasına baxmayaraq o, meydanı görmə qabiliyyəti və istedadı sayəsində qısa müddət sonra komandanın liderinə çevrildi. 19 yaşında Niko “Dinamo"nun kapitanı idi və Zaqreb klubu ilə ilk dəfə çempion titulunu qazandı. Lakin 2004/05-ci illər mövsümündə gənc futbolçu gözlənilmədən “Hayduk"a keçdi. Bunun səbəbəti maliyyə ilə bağlı idi. Yarım ilə yaxın vaxt ərzində “Dinamo" zəif oyun sərgilədi. Hamı, o cümlədən klub rəhbərliyi və azarkeşlər Nikonu günahkar hesab edirdilər. Üstəlik, klub rəhbərliyi onun məvacibinin yarısını kəsmək qərarına gəldi. Hələ bu harasıdır. “Dinamo" Krançarı satmaq qərarına gələndə, o, haqsızlığa dözmədi və ona qarşı olanları sərt tənqid etdi. Nikonun 2 kluba keçmək imkanı var idi. Onlardan biri Moskva ÇSKA-sı, digəri isə “Dinamo"nun əsas rəqibi “Hayduk". 20 yaşında legioner həyatı yaşamaqdan və güclü Rusiya çempionatında itib-batmaqdan qorxan Niko millidəki yerini itirməmək üçün “Hayduk” variantını seçməli oldu. Nəticədə “Dinamo" azarkeşlərinin nifrətini qazandı. Fanatlar onu “doğma klubunu satan donuz" andlandırdılar. Hətta Nikonun evinin qarşısında 200 şam yandırdılar - “bizim üçün ölmüş Nikonun xatirəsinə".
Bernd Şuster
(“Barselona" - “Real" - “Atletiko")
80-ci illərdə Bernd Şusteri "ağdərili mələk" adlandırırdılar. Şuster “Barselona"ya Kölndən gəlmişdi. “Kamp Nou"nu fəth etmək üçün. Fəth etdi də. O, “Barselona"nın əsas oyunçularından biri idi - məhsuldar ötürmələr edir, qollar vurur, yoldaşlarına dəstək olur və məşqçilərlə sözləşirdi. Əsas da onun Xosep Nunyeslə aralarında yaşanan qalmaqal daha yox yadda qalıb. Deyilənlərə görə, bu qalmaqal pul üstündə olmuşdu. 1987/88-ci illər mövsümündə Şusterin “Barselona"dan gedəcəyi dəqiqləşəndə Avropanın bir çox top-komandaları onu öz heyətinə cəlb etmək üçün əməli işə girişdilər. Alman “Real"ı seçmək qərarına gəldi. Bu, “Barselona" azarkeşlərinə xoş getmədi. Bütün Kataloniyanın düşməşinə çevrilən Bernd cəmi 1 il sonra Madrid klubuna lazım olmadı. “Barselona"nın acığını “Real"a keçməklə çıxan Şuster bu dəfə “Atletiko"ya keçməklə “Real"dan qisas almış oldu.
Mikael Laudrup
(“Barselona" - “Real")
Mikael Laudrupun “satqınlığ"ı Bernd Şusterin “Barsa"dan “Real"a gedininə çox bənzəyir. Hər ikisi Barselona klubunun əsas oyunçusu və lideri hesab edilirdi. Mikael “Barselona"da Yohan Kroyfun dönəmində karyerasının ən yaxşı günlərini keçirdi. Ardıcıl 4 il İspaniya çempionğulu bunu deməyə əsas verir. 1993-cü ildə Romarionun komandaya gəlişi danimarkalının ehtiyatda qalması ilə nəticələndi. Ardına Kroyfla münaqişə Mikaelin “Barselona"nı tərk etməsinə gətirib çıxardı. Hətta 20 minə yaxın azarkeşin imzaladığı və sevimli komandalarını tərk etməməsi üçün Laudrupa ünvanlanan məktub da Mikaelin gedişini əngəlləmədi. Tezliklə sevgi nifrətə çevrildi. Onun “Real”a keməsi Kataloniya klubunun azarkeşlərinin qəzəbinə səbəb oldu.
Qabriel Batistuta
(“River Pleyt" - “Boka Xuniors")
Argentinalı ulduz peşəkar futbolçu kimi karyerasına “Nyu Old Boyz"da başlamışdı. Bu komandada 20 oyunda 7 qol vuran 20 yaşlı gənc istedada özünü sübut etmək üçün daha iddialı komanda lazım idi. Bu üzdən “River Pleyt"dən gələn təklif Qabriel üçün göydəndüşmə oldu. Amma o, yeni “iş yeri"ndəki “əjdaha"ların arasında itib-batdı. Nəticədə nadir hallarda qol vura bildi. Batistutanın perspektivini hiss edən “River Pleyt"in skautları vəziyyətdən istifadə edərək onu öz komandalarına gəlməyə razı saldılar. Sərgilədiyi oyunla az sonra Avropa klublarının diqqətini özünə cəlb edən “Batiqol" “River Pleyt"in düşməninə çevrilməklə yanaşı, köhnə komandasını gülməli vəziyyətə qoydu. Axı, “River Pleyt" Batistutaya görə milyonları əldən buraxmışdı.
Erik Kantona
(“Lids Yunayted" - “Mançester Yunayted")
1991-ci ilin dekabrında “Marsel"in futbolçusu olan Erik “Nim"lə oyunda hakimin qərarına etiraz edərək topu onun sifətinə atmışdı. Bu hərəkətinə görə Nizam-İntizam Komitəsi futbolçunu 1 aylıq cəzandırmışdı. Qərardan hiddətlənən Erik komitə üzvlərinə bir-bir yaxınlaşaraq onları “axmaq" adlandırmışdı. Nəticədə cəzanın müddəti 3 aya kimi uzadılmışdı. Özündən lap çıxan Kantona 26 yaşında futbolu buraxdığını elan etmişdi. O vaxt Fransa yığma komandasının baş məşqçisi Mişel Platini idi. Platini Kantonanın oyunundan zövq aldığını dəfələrlə söyləmişdi. Məhz onun sayəsində Erik qərarını dəyişdi. Amma Fransada qalmadı, İngiltərəyə - “Lids Yunayted"ə keçdi. Tezliklə Lidsdə azarkeşlərin sevimlisinə çevrilən yarımmüdafiəçi məşqçi və klub rəhbərliyi ilə yola getmədi. Nəticədə o, “düşmən" “Mançester Yunayted"ə üz tutdu. “Lids"in stajlı azarkeşləri həmin keçidi bu gün də ürəkağrısı ilə xatırlayırlar.
Karlos Tevez
(“Mançester Yunayted" - “Mançester Siti")
Mançesterin bir təmsilçisindən digərinə keçməyə hər futbolçu cürət edə bilməz. Tevez bunu bacardı. Bir anın içində vaxtilə “MY"in azarkeş ordusunun Tevezə olan sevgisi nifrətə çevrildi. Əks cəbhədə isə buna qədər Karlosu görməyə gözləri olmayan “Siti"nin azarkeşləri var idi. Argentinalının “Mançester Yunayted"dən incik düşməsinin səbəbi var idi. 2009-cu ildə “MY"in o vaxtkı baş məşqçisi Aleks Ferqyusson Tevezə görə 20 milyon avro ödənməsinə qarşı çıxmışdı. Məhz bundan əsəbiləşən futbolçu klubundan qisas almaq qərarına gəlmişdi. Onun fikrincə ən yaxşı qisas əks cəbhəyə keçmək idi.
Roberto Bacio
(“Fiorentina" - “Yuventus")
İtaliyanın gəlib-keçmiş ən məşhur futbolçularından hesab olunan Roberto Bacio 3 İtaliya “nəhəng"inin şərəfini qorumuş az sayda futbolçulardandır. 5 il “Fiorentina"nın formasını geyinən, komandanın liderinə və azarkeşlərin “səcdəgah"ına çevrilən Roberto cavan olmasına baxmayaraq, komandanın ağsaqqalı və kapitanı idi. Amma futbol biznesi hər şeyi korladı. 20 milyon dollar qarşılığında əsas rəqiblərdən biri olan “Yuventus"a keçən Bacio bununla həyatında ən çətin qərarlardan birini vermiş oldu. Florensiya küçələrində keçidin əleyhinə yürüşə çıxan azarkeşlər onu “satqın" adlandırdılar. Düzü, Turində də Robertonu o qədər isti qarşılamadılar. “Yuventus" azarkeşləri ona inanmırdılar. Tədricən bu hiss yoxa çıxmağa başladı. “Yuventus"dakı parlaq karyerası onu daha da məşhur etdi. Doğrudur, Roberto daha sonra Milanın 2 təmsilçisinin də şərəfini qorumaqla yenə də “satqın" obrazını canlandırdı. Lakin onun məhz “Fiorentina"dan “Yuve"yə keçidini futbol həyatının “qara səhifəsi" adlandırmaq olar.
Zlatan İbrahimoviç
(“Yuventus", “İnter", “Barselona", “Milan")
Adıçəkilən bu komandaların azarkeşlərinin Zlatana verdikləri ləqəbləri yazmasaq yaxşıdı. Qısaca deyə bilərik ki, onlar isveçli futbolçunu yüngülxasiyyətli gəzəyən qadına bənzədirdilər. “İbra" ilk dəfə “Yuventus"da çıxış edərkən fanatların nifrətini qazanmışdı. Turin klubu B Seriyasına göndəriləndə o, müqaviləsindəki bəndi əlində rəhbər tutaraq “İnter"ə keçmişdi. Milan təmsilçisi onun köməkliyi ilə uzun fasilədən sonra çempion adını qazanmışdı. İbrahimoviçin növbəti klubu “Barselona" idi. Amma İspaniyada özünü tapa bilməyən Zlatan Xosep Qvardiola ilə aralarındakı soyuq münasibət üzündən İtaliyaya qayıtdı. Onun növbəti dayanacağı “Milan" idi - “İnter"in tarixi rəqibi.
Mario Götze
(“Borussiya" (D) - “Bavariya")
“Bavariya"ya keçməmişdən bir neçə ay əvvəl Mario “Borussiya" ilə müqaviləsini 2016-cı ilə qədər uzadacağını və hətta Dortmundda malikanə tikdirəcəyini söyləmişdi. Görünür, 20 yaşlı vunderkind “kişi sözü"nün nə olduğunu bilmirmiş.
2013-cü ildə “Borussiya"nın “Real"la yarımfinal oyunundan əvvəl Marionun Almaniyanın “1 nömrə"li klubuna transfer olunacağı bildiriləndə dortmundlu azarkeşlərin halını təsəvvür etmək çətin deyildi. Amma onlar özlərinə başqa cür təsəlli verirdilər: “Yaxşı ki, “Şalke"yə keçməyib". Bu da səbəbsiz deyildi. Gelzerkirhen təmsilçisi “Borussiya"nın ən qatı düşməni hesab olunur. Bununla belə, azarkeşlər Marioya nifrətlərini gizlətmədilər. Guya bu, pulu sadiqlikdən üstün tutan birisinə hansısa mənəvi təsir göstərəcəkdi.
Eşli Koul
(“Arsenal" - “Çelsi")
“Fikrimcə, azarkeşlər bu kitabı oxuyanda mənim düzgün hərəkət etdiyimi biləcəklər. Mən satqın deyiləm. Düzgün qərar vermişəm. “Arsenal" rəhbərliyinin də bu cür fikir bildirəcəyinə inanmıram..." Bu sözlər Eşli Koulun həyatı haqqında yazdığı “Mənim müdafiəm" kitabından götürülüb.
Eşli 2004-cü ildə “Arsenal"da peyda olub. İlk vaxtlar onun həftəlik məvacibi 10 min vunt-sterlinq idi. Sonradan bu məbləğ 35 minə qədər artırıldı. Amma futbolçu aldığı maaşın azlığından gileylənirdi. Çünki, komandada elə futbolçular var idi ki, Eşlidən zəif idilər. Gəl ki, maaşları onunkundan 2-3 dəfə artıq idi. Təbii ki, heç bir futbolçu əməyinin bu cür qimətləndirilməsinə dözə bilməzdi. Onun klubla müqaviləsinin müddəti başa çatmaq üzrə idi. Yeni müqavilə bağlamaq üçün Koul “Arsenal" rəhbərliyindən həftəsinə 60 min istədi. “Çelsi"də onu bu qədər təklif etmişdi. Amma londonlular 55 mindən yuxarı qalxmalıdar.
Eşli Koulun “Arsenal"dan ayrılmasının başqa bir səbəbi də var idi. Onun yazdığı kitabdan: “Mayın 7-də “Hayberi"də sonuncu oyun keçirilirdi. Mən Anri ilə mərkəz dairəsinin yaxınlığında idim. Birdən tribunalarda Anrinin şərəfinə mahnı oxumağa başladılar. Səs o qədər güclü idi ki, Londonun o biri başından da eşitmək olardı. Biz gözlədik ki, sonra mənim şərəfinə mahnı oxuyacaqlar. Amma bu, baş vermədi. Çox pis olmuşdum. Məgər mən bu komandanın bir parçası deyildim?"
"Arsenal"dan ayrıldıqdan sonra azarkeşlər Eşliyə “nağd pul" ləqəbini verdilər. Onun “Çelsi" forması ilə “Emireyts"də meydana çıxdığı vaxt isə londonlu azarkeşlər şərəfinə mahnı oxumağa başladılar. Mahnının sözlərini yazmamağımız məsləhətdi.
Vladimir Stoykoviç
(“Partizan" - “Srvena Zvezda")
Bu 2 serb klubunun azarkeşlərinin bir-birinə olan “isti" münasibəti hamıya məlumdur. Hər Belqrad derbisi gələndə yerli hüquq-mühafizə orqanlarını işi birə-beş artır. İndiyə kimi adıçəkilən bu klubların birindən digərinə onlarla futbolçu keçib. Amma Stoykoviçin keçidindən olmamışdı.
Vladimir “Srvena Zvezda"nın yetirməsidir. Bu komandanın heyətində parlayan qapıçı daha sonra “Nant", “Vitess", “Sportinq", “Xetafe" və “Uiqan"ın şərəfini qoruyub. Son illər zədə səbəbindən daha çox ehtiyatda qalan Stoykoviç məcburən Serbiyaya qayıtmalı olur və gözlənilmədən “Partizan"la müqavilə bağlayır. Bundan qəzəblənən “Srvena Zvezda" fanatları sosial şəbəkədə onun haqqında yazılmış nekroloq yerşədirirlər. Əlbəttə, hər hədə-qorxunu ciddiyə almaq olmaz. Amma bu dəfəki hədə az qala faciə ilə nəticələnəcəkdi. 2010-cu il oktyabrın 12-də İtaliya ilə oyundan əvvəl Serbiya millisinin avtobusuna hücum çəkən bir qrup “Srvena Zvezda" fanatı Stoykoviçi “pis günə" qoyacaqdılar. Xoşbəxtlikdən, həmin vaxt hər şey qapıçı üçün yaxşı qurtardı. Bunun nə vaxtsa təkrarlanacağına isə kimsə zəmanət verə bilməz.
Mo Conston
(“Seltik" - “Qlazqo Reyncers")
Mo o qədərdə məşhur futbolçu olmayıb. Daha doğrusu məşhurdur. Amma oynadığı futbola deyil, etdiyi hərəkətlə. Karyerası ərzində 9 klubun formasını geyinən Constonun ilk komandası “Patrik Tsikl" olub. Daha sonra “Uotford"a keçən hucümçü burada orta hesabla hər 2 oyuna 1 qol vurmaqla “Seltik" rəhbərliyinin diqqətini çəkib. Şotland futbolçu “Seltik"də 4 il oynayıb. Daha sonra “Nant"a keçib. Vətəninə dönəcəyi təqdirdə ancaq “Seltik"də oynayacağını bildirən Donston sözünün üstündə dayanmayıb. Daha yaxşı maliyyə şərtləri təklif edən “Qlazqo Reyncers"lə müqavilə bağlayıb. Bundan sonra o, “Seltik" azarkeşlərinin əsl düşməninə çevrilib. Düzü, “Qlazqo" tərəfdarları da onu komandalarında görmək istəmirdilər. Hətta bir qrup azarkeş transferə qarşı çıxaraq klub rəhbərliyni onlarda olan atributları yandıracaqlarını və abonomentləri qaytaracaqları ilə hədələyirdilər. Lakin Mo ona qarşı olanların rəğbətini qazana bildi. “Seltik"lə derbidə “Qlazqo Reyncers"in qələbə qolunu vuran futbolçu tribunalara tərəf qaçaraq azarkeşlərdən onun bağışlanmasını istədikdən sonra barışıq əldə olundu.
Mario Balotelli
(“İnter" - “Milan")
İstedadlı futbolçu “İnter"də parladı. Daha sonra “Mançester Siti"yə keçən Marionun oradakı hoqqabazlıqlarından çox yazılıb. İngiltərə təmsilçisində daha çox qalmaqallarla yadda qalan Balotelli daha sonra “Milan"da - “İnter"in əzəli rəqibinin düşərgəsində peyda oldu. Milana qayıtdığı üçün xoşbəxt olduğunu söyləyən qaradərili italiyalı mətbuatdakı “siyasi" çıxışı ilə “İnter" azarkeşlərini qıcıqlandırmasa da, nifrətlərini də “əridə" bilmədi: “İnter" azarkeşləri mənə nifrət etməməlidirlər. Mənim onlarla heç vaxt problemim olmayıb. Olsa belə, həll etməyə hazıram".
Luiş Fiqu
(“Barselona" - “Real")
24 iyul 2000-ci il. “Barselona" azarkeşləri KİV-də yayılan xəbərdən şoka düşdülər. 5 il “Barsa"nın şərəfini qorumuş, hamının sevimlisinə çevrilmiş Luiş Fiqu əzəli rəqib “Real"la müqavilə bağlayıb. Bütün Kataloniya şokda idi. Fiqu “Real"a 60 milyon avro qarşılığında keçmişdi. Onun illik məvacibi isə 5 milyon avro təşkil edəcəkdi. Transferdən qəzəblənən fanatlar portuqaliyanı düşmən elan etdilər. Komandanın radikal fanatlarından bir neçəsi bir vaxtlar onun qaldığı evi yandırmağa cəhd göstərdilər. Bunu bacarmayanda isə acıqlarını Fiqunun futbolkalarına od vurmaqla çıxdılar. “Real"ın heyətində Barselonaya ilk qayıdışında polislər də Fiqunu azarkeşlərin əlindən ala bilməyəcəkdilər. Yaxşı ki, futbolçu cəld tərpənərək vaxtında özünü otelə çatdıra bilmişdi. Hələ “Kamp Nou"dakı oyunu demirik. Fiquya doğru atılan əşyaların sayı-hesabı yox idi. Onların arasında viski butılkası və donuz başı da varıydı. Azarkeşlərin açdığı bannerdə yaddaqalan olmuşdu: “Bizim sənə nifrət etməyə milyard səbəbimiz var".
Vaxt keçdikcə ehtiraslar da soyudu. Ta ki, 2004-cü ilə kimi. Avro-2004-də məşhur strayker Cimmi Camp səhnəyə çıxdı. Portuqaliyanın iştirakı ilə keçirilən oyunların birində meydana qaçan Cimmi Fiqunun üstünə “Barselona"nın bayrağını atmaqla heç nəyin unudulmadığına işarə etdi. Bir il sonra isə Luiş “İnter"ə keçdi. İtaliya mətbuatına verdiyi ilk müsahibələrin birində o demişdi: “Real" - əsl sirkdi. “İnter" isə əsl futbol klubu". Keçmiş komandalarına qarşı etdiyi hərəkətlərlə iç üzünü açan birisi FİFA prezidenti də seçilmək istəyirdi...
Migel Dani
(“Dinamo" (Moskva) - “Zenit")
Portuqaliyanın Moskvadan Sankt-Peterburqa “uçuş"u Rusiya futbolu tarixində ən bahalı transferlərdən biri kimi tarixə düşdü. Maraqlıdır ki, bu transferəi hər iki klubun azarkeş ordusu istəmirdi. Səbəb moskvalıların ən yaxşı futbolçusunun əsas rəqiblə müqavilə imzalaması ilə barışa bilməməsi idi. Piterlilər isə Danninin keçiddən sonra verdiyi açıqlamadan və qolundakı döymədən narazı idilər. Belə ki, Migel müsahibə zamanı “Dinamo"ya olan sevgisinin əbədi oldubunu söyləmişdi. Tatuirovkaya gəlincə, “Dinamo"nun şərəfinə qoluna döydürdüyü “rəsm əsəri" uzun müddət “Zenit" azarkeşlərinin etirazı ilə qarşılandı. Bəziləri Danninin bu tatuya görə komandadan göndərilməsini istəyirdilər. Hətta döyməni sildirməsini tələb edənlər də tapıldı. Lakin hər şey axarına düşdü. Migel “Zenit"də sərgilədiyi oyunla tatunu “sildirmiş" oldu.
Manuel Noyer
(“Şalke" - “Bavariya")
Bu transfer haqqında roman yazmaq olar. 25 yaşı Manuel “Bavariya" ilə 5 illik sözləşməyə imza atması “Şalke" tərəfdarlarını özündən çıxardı. Noyer haqqında elə şayiələr yayıldı ki... Onların arasında ən “yumşağ"ı Manuelin cinsi azlıqların nümayəndəsi kimi qələmə verilməsi idi. Gelzerkirhendə körpüdən asılmış müqəvvasını isə şərh etməyə ehtiyac yoxdur. İlk vaxtlar “Bavariya" azarkeşləri tərəfindən inamsız qarşılanan qapıçı tədricən haqqında deyilənlərin yalan olduğunu sübut edə bilsə də, “Şalke" fanatları onu hələ də bağışlamayıblar.
Hazırladı: Nemət AĞAYEV
“Het-trik news” qəzeti