“Qarabağ”ın hücumçusu Kadi Borgesin Newsport.az saytına müsahibəsi
– Qarabağ”a qayıdışınızı necə dəyərləndirirsiniz? Bu mövsüm sizin üçün hansı məqamlarla yadda qalacaq?
– Bu mövsümü xüsusi bir sevgi ilə xatırlayacağam. Adətən, ayrıldığın kluba geri dönərkən bəzi tərəddüdlər yaşanır. Amma mənim üçün dönüş uğurlu alındı, çempion olduq. İndi isə çempionluğu qeyd edib, qarşıdakı matçlara köklənəcəyik.
– Mayın 31-də “Sabah”la Azərbaycan Kubokunun final qarşılaşması var. Bu haqda nə düşünürsüz?
– İndiyədək iştirak etdiyim bütün finallar kimi, bunun da maraqlı və böyük oyun olacağını düşünürəm. Düşünürəm ki, çox qol imkanı yaranmayacaq, amma layiq olan tərəf qalib gələcək.
– Azarkeşlər “Qarabağ”ın Çempionlar Liqasında mərhələlər keçməsini gözləyir. Bu heyətlə hədəfə çatmaq mümkün olacaqmı?
– Hər zaman olduğu kimi, bu mövsüm də əsas hədəfimiz Liqa mərhələsinə yüksəlməkdir. Ümid edirəm ki, bu dəfə istədiyimiz məqsədə nail olacağıq.
– Juninyo da “Qarabağ”a dönsə, onunla uyğunlaşma nə qədər uğurlu olar?
– Əslində, bu cür xəbərlər sosial mediada geniş yayılır. Amma hər deyilənə inanmaq doğru deyil. 5 milyon avro ödəyən bir komandanın onu asanlıqla icarəyə buraxacağını düşünmürəm. Buna görə də bu kimi məlumatlara çox önəm verməmək lazımdır. “Qarabağ”ın məqsədinə çatmaq üçün kifayət qədər gücü var.
– Gəlişindən sonra “Qarabağ”ın əvvəlki dönəmi ilə indiki arasında hansı fərqlər var?
– Elə böyük bir dəyişiklik görmürəm. Baş məşqçimiz Qurban Qurbanovun iş prinsipi eynidir. Doğrudur, komandaya yeni futbolçular gəlir və gedir, amma ümumi struktura təsir edəcək qədər dəyişikliklər olmur. Hazırda hər şey istədiyimiz kimidir.
– Çempionatda ən çox təəccübləndirən hansı klublar oldu?
– İlk növbədə “Sabah”ı qeyd etmək istərdim. Çünki heyətdə çox sayda dəyişiklik oldu, bir çox futbolçu komandadan ayrıldı. Amma ümumilikdə bütün komandalar məni yaxşı mənada təəccübləndirdi. Ayrıldığım dövrlə qayıtdığım zamanı müqayisə etsəm, liqanın inkişaf etdiyini görürəm. Ümid edirəm ki, bu, belə də davam edəcək.