“Lion” azarkeşləri komandanın yarımmüdafiəçisi Nabil Fekirə dəstək olublar.
Newsport.az xəbər verir ki, Fekir Fransa Liqa 1-in “Sent-Etyen”lə oyundakı (5:0) qol sevincinə görə rəqib azarkeşlərin sərt tənqidinə səbəb olmuşdu. Belə ki, o, fərqləndikdən sonra formasını çıxararaq “Sent-Etyen” azarkeşlərinə göstərmişdi. 24 yaşlı futbolçunun bu hərəkəti rəqib fanatların sərt etirazına səbəb olmuş, oyunun baş hakimi isə formasını çıxardığına görə onu sarı vərəqə ilə cəzalandırmışdı.
“Lion” azarkeşləri “Monpelye” ilə matçı sarı vərəqə cəzasına görə tribunadan izləyən Fekirə xoş sürpriz ediblər.
Belə ki, “aslanlar”ın fanatları qarşılaşmanın 18-ci dəqiqəsində Fekir kimi formalarını çıxararaq, nümayiş etdiriblər.
Xatırladaq ki, Nabil bu mövsümdə yüksək səviyyəli oyunu ilə diqqət çəkir. O, cari mövsümdə şans qazandığı 15 matçda 12 qola imza atıb.
